Accessibility links

Apellyasiya Məhkəməsi ADR Partiyasının fəalını həbsdə saxlayıb, digər partiya fəalının saxlanıldığı bildirilir


Allahverdi Babayev (Mənbə: Facebook)
Allahverdi Babayev (Mənbə: Facebook)

Sentyabrın 19-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının fəalı Allahverdi Babayev barəsində inzibati həbs qərarından verilən apellyasiya şikayəini təmin etməyib.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Bakının Xəzər rayon Məhkəməsi sentyabrın 16-da Allahverdi Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə 30 sutka inzibati həbs qərarı verib. Məhkəmənin qərarına əsasən o polisə tabesizlik göstərib, ünvansız küçə söyüşləri söyüb.

ADR Partiyası bildirib ki, Allahverdi Babayev sentyabrın 15-də Qubad İbadoğlunun apellyasiya məhkəməsi zamanı bir müsahibədə sərt mövqe bildirdikdən sonra həbs edilib.

“O, siyasi məhbusdur!” ADR Partiyası bildirib.

“İstər birinci instansiya məhkəməsində, istər apellyasiya məhkməsində o özünü təqsirli bilmədi və həbsini məlum çıxışı ilə əlaqələndirdi. Məhkəməyə ünvanlanan kamera görüntülərinin götürülməsinə dair vəsatət təmin edilmədi. Ümumiyyətlə birinci instansiya məhkəməsi yalnız protokolu tərtib edən bir polisin izahatına əsasən belə qərar qəbul edib. Sanksiyada alternativ tənbehlər, cərimə olmasına baxmayaraq məhkəmə ən son tənbehi və onun da ən son həddini tətbiq etməsi də bu qərarın qanunsuzluğunu göstərir”, vəkil qeyd edib.

Eyni zamanda, sentyabrın 19-da Azərbaycan Demokratiya və Rifaq (ADR) Partiyasının fəalı Ənvər Ağamalızadənin saxlanıldığı bildirilir.

ADR Partiyasının məlumatına görə, Ağamalızadə sentyabrın 19-da yaşadığı binanın həyətində polislər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

ADR Partiyası fəalla hələ əlaqə saxlamağın mümkün olmadığını bildirir.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı hələ münasibət öyrənmək mümkün olmayıb.

Ənvər Ağamalızadə ötən ay da polis tərəfindən saxlanılıb.

ADP Partiyasının sədri Qubad İbadoğlu iyulun 24-də həbs edilib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

O, ittihamı qəbul etmir və siyasi sifariş hesab edir.

Forum

XS
SM
MD
LG