Accessibility links

Siyasi məhbusların yeni siyahısına 235 nəfər daxil edilib


Oktyabrın 4-də "Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda" İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 235 nəfər daxildir.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib edib.

Siyahıda siyasi məhbuslar 8 qrupa bölünüb: Jurnalistlər və bloqerlər - 6 nəfər, hüquq müdafiəçiləri - 2 nəfər, müxalifət partiyaları və hərəkatların üzvləri – 11 nəfər, Almaniyadan deportasiya olunan siyasi mühacirlər – 5 nəfər, dindarlar – 171 nəfər, Tərtər işi üzrə mühakimə olunanlar – 7 nəfər, Gəncə işi üzrə mühakimə olunanlar - 22 nəfər, ömürlük məhkumlar – 11 nəfər.

"Jurnalistlər və bloqerlər" qrupunda jurnalistlər Polad Aslanov, Osman Rzayev, blogerlər Aslan Qurbanov, Rəşad Ramazanov və Bəxtiyar Hacıyev yer alıb. Bu siyahıda ölkənin şimal regionundan olan bloger Cəmil Məmmədli yenidir.

"Hüquq müdafiəçiləri"ndən ibarət ikinci qrup yenidir və iyulun 31-də açıqlanmış əvvəlki siyahıda (ümumilikdə, bu siyahıda 204 nəfər olub) olmayıb.

Hüquq müdafiəçisi Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, bu qrupda Göyçay rayonundan olan hüquq müdafiəçisi Taleh Xasməmmədov və fəal Bəxtiyar Hacıyevin ictimai müdafiəçisi Rail Abbasov var.

"Müxalifət partiyaları və hərəkatların üzvləri" qrupunda 11 nəfər var. Siyahıya Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Zamin Salayev, Niyaməddin Əhmədov, Şahin Hacıyev, Aqil Hümbətov, Elxan Əliyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu, keçmiş deputat Nazim Bəydəmirli daxildir. Həmkarlar İttifaqları fəalları Afiəddin Məmmədov, Elvin Mustafayev və Ayxan İsrafilov, eləcə də Azərbaycan Talışları İctimai Şurasının üzvü Ruslan Vahabov bu qrupda yenidir.

"Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər" qrupunda əvvəlkitək beş nəfər var: Siyasi fəallar Pünhan Kərimli, Cəfər Mirzəyev, Malik Rzayev, Mütəllim Orucov və Samir Aşurov.

"Dindarlar" qrupuna 171 soyad, o cümlədən "Nardaran işi" üzrə fiqurantlar, bir neçə ilahiyyatçı, habelə ötən ilin yayından bu ilin sentyabrına qədər həbs olunmuş dindar qrupu daxildir. Əvvəlki siyahı ilə müqayisədə bu kateqoriyadan bir dindar çıxıb (Ceyhun Babaşov səhhətinin kəskin pisləşməsi səbəbindən həbsdən azad edilib). Lakin siyahıda "Müsəlman Birliyi" Hərəkatı İdarə Heyətinin üzvü Ağəli Yəhya da daxil olmaqla, 25 yeni dindar yer alıb. Həbs olunanların hamısı narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Siyasi məhbusların siyahısında hələ də "Tərtər işi" üzrə 7, "Gəncə işi" üzrə 22 nəfər var. Digər 11 siyasi məhbus ömürlük həbs cəzası çəkir.

Sonuncu qrupdan olanlar 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamı və digər hərbi cinayətlərlə əlaqədar güllələnməyə məhkum ediliblər. 1998-ci ildə Milli Məclisin qərarı ilə ölüm hökmü ləğv edildikdən sonra onların barəsində ən yüksək cəza tədbiri ömürlük həbs cəzası ilə əvəz olunub. Ancaq qanunun geriyə qüvvəsi yoxdur. Odur ki, hüquq müdafiəçilərinin fikrincə, ölüm cəzası alternativ cəza, o ankı maksimum cəza - 15 il həbs müddətilə əvəz olunmalıydı.

Öz növbəsində, Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə siyasi iradəsinə görə insanların təqib edilmədiyini bildirir və siyasi məhbusların olmasını qəbul etmir. Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda insanların fundamental azadlıqları tam təmin olunub. İnsanların internetə tam sərbəst çıxışı var və sosial şəbəkəlrdən istifadə ilə bağlı hər hansı qadağa mövcud deyil. Bununla yanaşı Azərbaycan beynəlxal azadlıq indeksində 170 ölkə sırasında 151-ci yerdədir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə deyib ki, Azərbaycanda insanlar siyasi baxışlarına görə, fundamental azadlıqlarından istifadə etdiklərinə görə mütəmadi olaraq təqiblərə məruz qalır.

Bəşir Süleymanlı: Üfüqdə siyasi məhbusların sayının azalacağı ilə bağlı mesajlar yoxdur
please wait

No media source currently available

0:00 0:02:53 0:00

“Bir müddət əvvəl hökumət siyasi məhbus məsələsinin həll olunacasğı ilə bağlı müsbət mesajlar verməyə başladı. Amma sonradan nə dəyişdisə, insanlar fundamental azadlıqlarını ifadə etdiklərinə görə yenidən təqib olunmağa başladı. Son dövrlərdə isə bu təqiblərin artdığını göürürük. İstər Qubad İbadoğlu, isatər İşçi Masası Həmkərlar İttifaqının fəalları, istərsə də dindarlar olsun, təqiblər və həbslər daha da çoxalıb. Belə olan halda siyahıda da artım olur”, o qeyd edib.

Hüquq müdafiəçisi yerli və beynəlxalq ictimaiyyətin siyasi təqiblərin azaldılması istiqamətində işini yetərli saymır.

“Burada ilk növbədə siyasi iradə olmalıdır. Yəni hakimiyyət siyasi iradəsini nümayiş etdirməlidir. İlk addımlar kimi məhkəmələrin müstəqilliyi təmin edilməlidir, qanunvericilikdə dəyişikliklər edilməlidir, praktikada müəyyən addımlar atılmalıdır ki, insanlar fərqli baxışlarına görə təqiblərə, həbslərə məruz qalmasın”.

Süleymanlı perspektivdə siyasi təqiblərin azalacağını güman etmir.

“Mən düşünmürəm. Təqiblərin azalacağına işarə edən mesajlar üfüqdə görünümr”, hüquq müdafiəçisi qeyd edib.

Forum

XS
SM
MD
LG