Accessibility links

Azərbaycanda Milli İnsan Hüquqları Günü - beynəlxalq və yerli baxışlar


Azərbaycan Prezidentinin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il 18 iyun ölkədə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.

Azərbaycanda insan hüquqları 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyası ilə qorunur. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Azərbaycan prezidentləri tərəfindən davamlı olaraq insan hüquq və azadlıqlarının səmərəliliyinin artırılması barədə proqramlar, parlamentdə bu sahədə çoxsaylı qanunvericilik aktları qəbul edilib. Azərbaycan həmçinin insan hüquq və azadlıqlarının qorunması, işgəncələrin qadağan edilməsi və digər çoxsaylı beynəlxalq sənədlərə qoşulub. Ölkə Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasındadır.

Azərbyacanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu fəaliyyətdədir.

Bütün bunlara baxmayaraq Azərbaycan beynəlxalq hesabatlarda azadlıq, korrupsiya, media azadlığı indekslərinə görə qeyri-azad ölkələr sırasındadır. Yerli hüquq müdafiəçilərinin hesabatlarında deyilir ki, hazırda Azərbaycanda yüzdən çox insan siyasi məqsədlərlə həbsdə saxlanılır. Son aylarda isə hüquq müdafiə təşkilatları yüzdən çox inanclı insanın həbs edildiyini bildirir.

Həmçinin Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslara dair qətnamə qəbul edib və bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir.

Səbinə Əliyeva
Səbinə Əliyeva

Ombudsman: 2022-ci ildə 28 525 müraciətə baxılıb

Ombudsman Səbinə Əliyeva 2022-ci ilin yekunları ilə bağlı Milli Məclisə hesabtında bildirib ki, insan hüquqları sahəsində çoxsaylı irəliləyişlər qeydə alınsa da problemlər də qalmadadır.

Onun sözlərinə görə, 2022-ci ildə Ombudsmanın ünvanına 28 525 müraciət daxil olub. Ombudsman müraciətlərin cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları, müvəqqəti saxlama yerləri, hərbi hissələr, uşaq və qadın hüquqları, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər, sosial xidmətlər, internatlar, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələri, azadlıq hüququ, informasiya əldə emək hüququ və digər sahələrlə bağlı olduğunu bildirib.

Penitensiar Xidmətin tabeli müəssisələrində sıxlıq probleminə rast gəlinir. Belə ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında bir başçəkmə zamanı 3300-dən, digər baçəkmə zamanı isə 3500-dən çox şəxsin, eyni zamanda 700 nəfər üçün nəzərdə tutulmuş 2 saylı İstintaq Təcridxanasında (Gəncə) 800 nəfərin, 1050 nəfər üçün nəzərdə tutulmuş 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) 1400-dən çox şəxsin saxlanıldığı müəyyən edilmişdir. Qadın məhkumlar üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsində də sıxlıq mövcud olmuş, lakin 2022-ci ilin əvvəllərində müəssisənin yeni və müasir binaya köçürülməsi ilə bu problem aradan qalxmışdır. 17 saylı cəzaçəkmə müəssisəsində də müəyyən olunmuş həddən artıq sayda məhkumun saxlanıldığı müşahidə edilmişdir. 11 saylı cəzaçəkmə müəssisəsində isə 5 nəfər üçün nəzərdə tutulmuş cərimə otaqlarında 6-7 nəfərin saxlanıldığı aşkar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, penitensiar müəssisələrdə şəxslərin yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara riayət edilməlidir”, Ombudsmanın hesabatında qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyi: Azərbaycan bütün insan hüquq və əsas azadlıqlarının universallığı prinsiplərinə sadiq olaraq qalır

Azərbaycan Xarici İşlər Nazirliyinin Milli İnsan Hüquqları Günü münasibəti ilə yaydığı bəyanatda deyilir ki, ötən illər ərzində Azərbaycanın normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmini, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə mühüm işlər görülüb. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, eləcə də ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

“Azərbaycan Respublikasının təşəbbüsü ilə 2002-ci ildən etibarən BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” adlı qətnamə iki ildən bir dövri əsasda, Qoşulmama Hərəkatının sədri qismində irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasının (İHŞ) sessiyalarında, “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf məqsədlərinin təşviq edilməsi” adlı qətnamə İHŞ-də yekdilliklə qəbul edilmişdir.

Azərbaycanın təşəbbüsü ilə BMT İHŞ-də “Minaların insan hüquqlarına təsiri”, “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə mədəni müxtəlifliyin təşviqinin vacibliyi”, “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə təhsilin rolu” mövzularında səsləndirilmiş birgə bəyanatlar çoxsaylı dövlətlər tərəfindən dəstəklənib.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci, İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının 25-ci ildönümündə Azərbaycan bütün insan hüquq və əsas azadlıqlarının universallığı, qarşılıqlı asılılığı və bölünməzliyi prinsiplərinə sadiq olaraq qalır”, sənəddə qeyd edilir.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov

Rüfət Səfərov: Möhkəmlənmiş avtoritar idarəçilikdə azadlıqlar daha da bərbad şəkilə düşür

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, ölkədə insan hüquq və azadlıqlarının dərinləşdirilməsi ilə bağlı müxtəlif sənədlər qəbul edilməsinə baxmayaraq real durum ildən-ilə daha da pisləşir.

“Möhkəmlənmiş avtoritar idarəçilikdə hüquqlar və azadlıqlar getdikcə daha da bərbad şəkilə düşür. Xüsusilə, siyasi haqlara rəsmi siyasətdə yer görünmür. Azərbaycan hökuməti insan hüquqlarının təməlində duran iki vacib dəyərə - bərabərlik və insan ləyaqətinə hörmətsiz münasibət göstərir. İnsanlar əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olaraq qanun qarşısında mövqe tuturlar. Seçmək və seçilmək hüququ mövcud deyil. Vətəndaşların başqaları ilə birləşmək hüququ əngəllənir”.

Hüquq müdafiəçisinin fikrincə hökumət insanların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirakında maraqlı deyil.

“Vətəndaş azadlıqlarının məhdudlaşdırılması, layiqsiz həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədinə dönüb, halbuki Konstitusiya bunun tam əksini bir öhdəlik kimi dövlətin üzərinə qoyub. Yığıncaqlar azadlığına yer yoxdur. Şəxsi toxunulmazlıq hüququ dövlət aparatının mənəvi terroru altındadır. Məhz dövlət aparatı alternativ düşüncəni ortaya qoyanların ləyaqətini alçaldır. Söz və fikir azadlığı ağır repressiv tədbirlərlə müşayiət edilir. Mürtəce qanunvericiliklə “siyasi orqanizmlərin normativ dəfninə” qərar verilib. Yeni qanunla azad medanın tamamilə sıradan çıxarılmasına səy göstərilir. İnsan hüquqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olsa da, bu, deklarataiv xarakter daşıyır, yalnız kağız üzərindədir. Bunun nəticəsidir ki, Azərbaycan insan haqları ilə bağlı beynəlxalq hesabatlarda Myanma, Yəmən, Türkmənistan kimi ölkələrlə eyni cərgəni bölüşür”, o qeyd edib.

İlqar Məmmədov, REAL Pratiyasının sədri
İlqar Məmmədov, REAL Pratiyasının sədri

İlqar Məmmədov: Azərbaycan Avropa məhkəməsinin qərarlarının icrasına görə axırıncı yerdədir

Respublikaçı Alterntiv-REAL Pratiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə deyib ki, ölkədə insan hüquqlarının durumunu göz önünə gətirmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına nəzər yetirmək lazımdır.

“Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına, xüsusilə siyasi məhbuslarla bağlı qərarlarının icrasına görə üzv ölkələr arasında axırıncı yerdədir. Məhkəmənin qərarlarının böyük bir hissəsi, həm də ən həssas hissəsi uzun müddətdir icra olunmamış qalır. Əgər ədalətin bərpasını gecikdirirsənsə, faktiki ədaləti inkar etmiş olursan. Biz ən azından Avropa məhkəməsinin insan haqları ilə bağlı qəraralarının icrasına istinad etsək, ölkəmizdə insan haqlarının durumu ilə bağlı vəziyyət çox pisdir. Bunun isə əsas amili siyasi iradədir”.

Məmmədov siyasi hüquqlardan danışarkən deyib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının böyük bir hissəsi seçki hüququ ilə bağlıdır.

“Azərbaycan seçki hüququnun pozulmasına görə Avropa Məhkəməsinin ən çox qərar çıxardığı ölkədir. Məhkəmənin bu qərarları da icra olunmur. Təəssüf ki, Avropa Şurasının özü də bu qərarların icrası üçün səy göstərmir. Bizim partiya Avropa Şurasına, Nazirlər Komitəsinə müəyyən təqdimatlar edib. Təəssüf ki, orada da bir irəliləyiş yoxdur və ya hansısa təkəbbürlər var.”

O yeni qəbul edilən “Media haqqında”, “Siyasi partiyalar haqqında” qanunlarla bağlı sualın cavabında deyib ki, REAL Partiyasının üzvü olan deputat parlamentdə hər iki qanunun əleyhinə səs verib.

“Bu qanunlar ölkədə və beynəlxalq aləmdə Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi baxımından tənqidlərlə üzləşib. Hesab edirəm ki, tənqidlər ədalətlidir. Biz çalışacağıq ki, bu qanunlar gələcəkdə yenilənsin və Azərbaycanın öhdəkilərinə cavab versin”, o qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının binası
Avropa Şurası Parlament Assambleyasının binası

Avropa Şurasından Azərbaycanda insan hüquqlarının durumuna baxışlar

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə ümumi məruzəçisi Azərbaycanda azadlıqlar sahəsindəki problemlərdən narahatlıqlarını bildirib.

Avropa Şurası Parlament Assambleyasının media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə ümumi məruzəçisi Mogens Jensen bu il mayın 3-də Amerikanın Səsinə deyib ki, Azərbaycanda hökumətin jurnalistləri müxtəlif yollarla qorxutduğunu və susdurduğunu görür.

“Zorakılıq, jurnalistlərə qarşı zorakı hücumlar davam edir. 2021-ci ildə Azərbaycanda jurnalistlərə qarşı 250 hücum halının şahidi olmuşuq. Biz, həmçinin jurnalistlərin iş başında izlənildiyinin şahidi oluruq. Azərbaycanda 48 belə hal qeydə almışıq. Beləliklə, Azərbaycan gəldikdə diplomatik şəkildə desəm, Avropa Şurasının da dəyərləri olan media azadlığını təmin edilməsi, həmçinin jurnalistlərə ədalətli və layiqli iş şəraitinin yaradılması üçün təkmilləşdirilməyə xeyli ehtiyac var”, o qeyd edib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç də Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.

“Mən Azərbaycanda insan haqlarının vəziyyətini izləməyə, problemlərlə bağlı, əsasən də hüquq müdafiəçiləri və jurnalistlərin həbs edilməsi ilə bağlı məsələ qaldırmağa davam edirəm. Hazırda Bəxtiyar Hacıyevin işini yaxından izləyirəm. Onun aclıq aksiyası keçirməsi və səhhətinin pisləşməsi narahatlıq doğurur. Onun həbs qətimkan müddətinin bu yaxınlarda daha iki ay uzadıldığını öyrəndim və bunun səbəbini başa düşə bilmirəm. Ona bu cür əziyyət verilməsinə heç cür haqq qazandırmaq olmaz. Mən eyni zamanda Elçin Sadıqovun və Əvəz Zeynallının da məsələsini qaldırmışam. Ancaq təkcə bu adını sadaladığım şəxslər deyil, bir çox insanlar işlərinə və ya müəyyən məsələlərə fərqli baxışlarına görə hədəfə alınırlar.

Bu, qəbuledilməzdir və ilk belə hal deyil. Mən Azərbaycan hökumətinə dəfələrlə çox açıq şəkildə, xoş niyyətlə və hansısa həll yollarının olacağına ümid edərək narahatlığımı bildirmişəm. Təəssüf ki, onların bu və bir çox digər məsələlərə münasibəti ilə bağlı çox müsbət fikir söyləmək olmaz”, o qeyd edib.

ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

Dövlət Departamenti: Cəzasızlıq problem olaraq qalır

ABŞ Dövlət Departamentinin 2022-ci il üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatında deyilir ki, insan hüquqları ilə bağlı mühüm məsələlər arasında, - qanunsuz və ya özbaşına qətllər, təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən işgəncə və qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəza, ağır şəraitli və bəzən həyat üçün təhlükəli həbsxana şəraiti, əsassız həbs, siyasi məhbuslar, ölkədən kənarda olan şəxslərə qarşı siyasi motivli repressiya, məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlər, şəxsi həyatın toxunulmazlığına özbaşına və ya qanunsuz müdaxilə, ifadə azadlığına və mediaya ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılıq, ifadə azadlığını məhdudlaşdırmaq üçün cinayət diffamasiya qanunlarının tətbiqi, jurnalistlərin şübhəli ittihamlarla təqib edilməsi və həbs edilməsi, internet azadlığına ciddi məhdudiyyətlər, o cümlədən saytların bloklanması, sərbəst toplaşmaq hüququna faktiki qadağa və birləşmək azadlığına əsaslı müdaxilə, hərəkət azadlığının məhdudlaşdırılması, siyasi həyatda iştiraka ciddi məhdudiyyətlər, sistemli hökumət korrupsiyası, gender əsaslı zorakılığa görə məsuliyyətin olmaması, lezbiyan, gey, biseksual, transseksual, kuir və interseks şəxsləri hədəf alan zorakılıqla bağlı cinayətlər, işçilərin birləşmək azadlığına əhəmiyyətli məhdudiyyətlər, uşaq əməyinin ən pis formalarının mövcudluğu kimi məsələlər var.

“Hökumət insan hüquqlarının pozulmasına və korrupsiya əməllərinə yol verdiyi bildirilən polis əməkdaşlarının əksəriyyətini təqib etməyib və cəzalandırmayıb. Cəzasızlıq problem olaraq qalıb. 2020 və 2022-ci illərdə hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri və ya ayrı-ayrı şəxslər tərəfindən yol verildiyi iddia edilən sıxışdırılma hallarına dair hökumət araşdırmaları ilə bağlı heç bir irəliləyiş qeydə alınmayıb”, hesabatda qeyd edilir.

XS
SM
MD
LG