Accessibility links

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda Avropa Məhkəməsi qərarların icrasını müzakirə edəcək


Avropa Şurası Nazirlər Komitəsi 5-7 iyun tarixlərində Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət etmək üçün rüblük iclasını keçirəcək.

Nazirlər Komitəsinin gündəliyində olan məhkəmə qərarları Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Moldova, Şimali Makedoniya, Polşa, Rumıniya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və Böyük Britaniyaya aiddir.

Azərbaycanla bağlı müzakirə ediləcək qərarlar “Məmmədli qrupu Azərbaycan qarşı” və “Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı” işləri ilə bağlı Məhkəmənin çıxardığı qərarlardır.

“Məmmədli qrupu” işləri Azərbaycanda 2013-2016-cı illərdə vətəndaş cəmiyyəti fəallarının, jurnalist və hüquq müdafiəçilərinin fəaliyyətilərinə və hökumətə qarşı tənqidi mövqelərinə görə siyasi təqiblərə və həbslərə məruz qalması ilə bağlıdır. Bu qrupda Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Qiyas İbrahimov və Bayram Məmmədov, Arif və Leyla Yunusların işləri yer alır.

Avropa Məhkəməsi bu işlərdə hökumətin tənqidçilərini cəzalandırmaq və susdurmaq məqsədi ilə cinayət qanunlarından sui-istifadə etdiyini, bununla da Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozuntusunu aşkarlayıb. Konvensiyanın 18-ci maddəsinin pozulması həbslərin və təqiblərin siyasi motivli olduğu deməkdir.

Nazirlər Komitəsi bu qrup işi ilə bağlı bu ilin mart ayında qəbul etdiyi qərarında fərdi tədbirlər kimi ərizəçilərin üzərindən məhkumluğun götürülməsini və cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılmasını, o cümlədən onların mülki hüquqlarının tam bərpasını tələb edib.

Ümumi tədbirlərə gəldikdə isə Azərbaycan hökuməti əsaslı islahatlar keçirməyə, məhkəmə sisteminin müstəqil və qanun çərçivəsində fəaliyyətini təmin etməyə çağrılır.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli Nazirlər Komitəsinə təqdimatında hökumətin qərarların icrasını əsassız şəkildə yubatdığını qeyd edir.

“Ümumi tədbirlərlə bağlı məsələlər uzun müddətdir hakimiyyət orqanları tərəfindən əsasən həll edilməmiş qalır. Məqsədli gecikmələr, təqdim olunan tədbirlərin yersizliyi və yetərsizliyi, həm fərdi, həm də ümumi tədbirlərlə bağlı yeniliklərin vaxtında çatdırılmaması Azərbaycan hakimiyyətinin həm insan hüquqlarına, həm də Konvensiya üzrə öhdəliklərinə məhəl qoymadığını göstərir”, Anar Məmmədli qeyd edib.

Azərbaycan hökuməti “Məmmədli qrupu” işləri ilə bağlı Nazirlər Komitəsinə son təqdimatında ümumi tədbilər kimi metal qəfəslərin söküldüyü bildirib.

Nazirlər Komitəsinin bu həftə müzakirə edəcəyi digər iş Macarıstanda qətlə görə məhkum edilən Ramil Səfərovun Azərbaycana ekstradisiya edildikdən sonra əfv edilməsi və "qəhrəman kimi qarşılanması" ilə bağlıdır.

Səfərov 2004-cü ildə Macarıstanda NATO təlimində olarkən ermənistanlı zabit Qurqen Markaryanı qətlə yetirmiş, 2006-cı ildə Budapeşt məhkəməsi onu amansız şəkildə qəsdən öldürülməsində təqsirli bilib. Məhkəmə həmçinin belə nəticəyə gəlib ki, cinayət qurbanın erməni milliyyətinə görə törədilib.

Ramil Səfərov 2012-ci ildə Azərbaycana ekstradisiya edildikdən sonra eyni gündə prezident sərəncamı ilə əfv edilib.

Avropa Məhkəməsi müəyyən edib ki, Azərbaycan Səfərovu məhz erməni əsilli birinə qarşı cinayət törətdiyi üçün onu törətdiyi cinayətə görə cəzasız qoyub, şəxslərin həyatına qarşı cinayətlərin qarşısını almaq öhdəliyini pozub. Ərizəçi tərəf Səfərovun əfv edilməsi ilə bağlı prezident sərəncamının ləğv edilməsini və ya alternativ olaraq Azərbaycan məhkəmələrinin prezidentin sərəncamına baxmasını istəyir.

Azərbaycan tərəfi pozuntunu tanıdığını və kompensasiya ödəyəcəyini bildirib. Hökumət ədalətli kompensasiya, o cümlədən pozuntunun etiraf edilməsini ədalətin bərpası üçün yetərli hesab edir.

Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası üzv ölkələr üçün məcburidir. Nazirlər Komitəsi milli hakimiyyət orqanları, ərizəçilər, QHT-lər və digər maraqlı tərəflər tərəfindən təqdim edilən məlumatlar əsasında qərarların icrasına nəzarət edir.

Hazırda Azərbaycanla bağlı Nazirlər Komitəsinin icraatında olan 300-ə qədər məhkəmə qərarı var.

XS
SM
MD
LG