Accessibility links

Hesabat: Azərbaycan AİHM qərarlarını ən pis icra edən Avropa Şurası ölkəsidir


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) icrasız qalmış qərarlarının sayına görə, Azərbaycan birinci yerdədir. Avropa Şurasının yaydığı hesabata görə, hazırda Azərbaycanla bağlı çıxarılan qərarların 76 faizi icra olunmayıb.

AİHM ümumilikdə 3760 qərarın (Rusiya daxil edildikdə ümumilikdə 6112 qərar) icra edilməsini gözləyir. Həmin qərarlar 285-i AİHM-in Azərbaycanla bağlı çıxardığı qərarlardır. Həmin qərarlardan 49-u 2022-ci ildə Nazirlər Komitəsinin nəzarət proseduruna daxil edilib. 2021-ci ildə 46, 2020-ci ildə 51 qərar bu prosedura daxil edilib. 2021-ci ildə Azərbaycanla bağlı 271, 2020-ci ildə isə 235 qərar icrası gözlənilirdi.

Avropa Şurası Nazirlər Komitəsinin Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti ilə bağlı 2022-ci il üzrə yeni açıqlanmış hesabatına görə, Azərbaycan AİHM qərarlarını ən pis icra edən Avropa Şurası ölkəsidir.

Azərbaycan indiyə qədər AİHM-in 90 qərarını icra edib. Bu göstərici AİHM-in Azərbaycanla bağlı çıxardığı qərarların ümumilikdə 24 faizini təşkil edir. 285 qərar, Azərbaycanla bağlı çıxarılmış qərarların 76 faizi isə icrasını gözləyir.

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, Azərbaycan İnsan Hüquqları Konvensiyasına qoşulmuş ölkədir, həmin Konvensiyanın 46-cı maddəsinə görə, Avropa Şurasına qoşulmuş ölkələr AİHM-in qərarlarını icra etməlidir:

Xalid Ağaliyev
Xalid Ağaliyev

"İndiyədək belə bir praktika olmasa da, yekun qərar kimi öhdəliklərə əməl etməyən ölkələr Avropa Şurasının üzvlüyündən çıxarıla bilər. Adətən qərarların icrası uzun vaxt aparır, illərlə icra olunma məsələsi nəzarətdə saxlanılır, lakin təcrübədə Avropa Şurasının üzvlüyündən heç bir ölkə çıxarılmayıb".

Hüquqşünasın sözlərinə görə, "qərarın icra olunması" dedikdə biz tədbirin təkcə ərizəçiyə təzminat ödənilməsi ilə yekunlaşdığını başa düşməməliyik. O bildirib ki, AİHM-in qərarları ölkələrin üzərinə həmin qərarla bağlı həm fərdi, həm də ümumi tədbirlərin görülməsi öhdəliyi qoyur.

Eynulla Fətullayev
Eynulla Fətullayev

"Məsələn, "Eynulla Fətullayev Azərbaycana qarşı" işində qərarın çıxarılmasından 10 ildən çox vaxt keçib. Həmin qərarda fərdi tədbir olaraq ərizəçiyə münasibətdə təzminatın ödənilməsi nəzərdə tutulmuşdu. Fərdi tədbir baxımından Azərbaycan qərarı icra edib. Lakin qərarda Azərbaycanda böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv edilməsi də nəzərdə tutulurdu. Bu, ümumi tədbir idi və həyata keçirilməyib" -deyə, Ağaliyev bildirib.

Xalid Ağaliyev deyib ki, AİHM-in digər qərarlarında da həm fərdi, həm də ümumi tədbirlər var:

"İntiqam Əliyev, Anar Məmmədli, İlqar Məmmədov işlərində fərdi tədbirlər kimi ərizəçilərə təzminatın ödənilməsi, onlara bəraət verilməsi kimi addımlar nəzərdə tutulmuşdu, onların bəziləri həyata keçirilib. Eyni zamanda, ümumi tədbir kimi nəzərdə tutulub ki, Azərbaycanda siyasi düşüncəsinə görə insanların cəzalandırılmasına imkan yaradan mühit dəyişdirilməlidir. Bu isə ümumi tədbirdir və həmin sahədə təsirli tədbirlər görülməyib, ona görə də Azərbaycanda qərarların icra olunması problemli olaraq qalır".

Azərbaycandan sonra AİHM qərarlarını ən pis icra edən 2-ci ölkə Rusiyadır. Rusiya AİHM-in qərarlarının 36,79 faizini (1369 qərar) icra edib. AİHM-in Rusiyaya qarşı çıxardığı 2352 qərar (63,21 faiz) icra edilməsini gözləyir.

3-cü sırada Gürcüstan gəlir, qonşu ölkə AİHM qərarlarının 58,28 faizini (95 qərar) icra edib, 68 qərar (41,72 faiz) icrasını gözləyir.

AİHM qərarlarını ən yaxşı icra edən (99-100 faiz) ölkələr Andorra, Lixtenşteyn, Avstriya, Sloveniyadır.

Aparıcı qərarların icra vəziyyəti daha ciddi problemdir. Azərbaycan aparıcı qərarların cəmi 13 faizini (8 qərar) icra edib. 53 aparıcı qərar (86,89 faiz) icra edilməsi gözlənilir. 2-ci sıradakı Rusiya aparıcı qərarların 27 faizini icra edib. Bu kateqoriyada sıralamada 3-cü Albaniyadır, bu ölkə üzrə aparıcı qərarların 52 faizinə nəzarət qapadılıb.

2022-ci ildə Azərbaycanla bağlı ümumilkdə 35 qərarın icrasına nəzarət qapadılıb. Həmin qərarların 3-ü aparıcı, 32 təkrarlanan işlər üzrə çıxarılan qərarlar olub. Azərbaycan 2022-ci ildə ərizəçilərə ümumilikdə 986 mindən artıq ədalətli əvəz ödəyib.

2022-ci ildə AİHM-in ümumilikdə 800 qərarının icrasına nəzarət qapadılıb.

Amerikanın Səsinin ölkənin rəsmilərindən bununla bağlı şərh almaq cəhdi baş tutmayıb.

Ötən ilin fevralında yerli mediaya açıqlama verən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, əhalinin sayına görə şikayətlərin sayına baxdıqda, Azərbaycan Avropa Şurasının üzv dövlətləri arasında bir çox qonşu və Qərbi Avropa ölkələrinin arxa sırasında qalaraq üçüncü onluqda yerləşir. Onun sözlərinə görə, ötən iyirmi il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib ki, bu qərarlarda Avropa Konvensiyası müddəalarının pozulması müəyyən edilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına isə Avropa Şurası Nazirlər Komitəsi baxır.

Azərbaycan hakimiyyəti Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına hələ münasibət bildirməyib, amma bir qayda olaraq, kompensasiyaların ödənildiyi deyir.

XS
SM
MD
LG