Accessibility links

Xədicə İsmayılova: Hökumət media mühitini nəinki yaxşılaşdırmır, əksinə, pisləşdirir


Xədicə İsmayılova: Hökumət media mühitini nəinki yaxşılaşdırmır, əksinə, pisləşdirir
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Avropa Şurası Nazirlər Komitəsi bu həftə baş tutan insan hüquqları toplantısında Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icra durumunu yenidən müzakirə edib. Müzakirə edilən məhkəmə qərarlarından biri jurnalist Xədicə İsmayılovanın işi ilə bağlıdır. Nazirlər Komitəsi İsmayılovaya qarşı yol verilən cinayət əməllərinin bütün motivlərini araşdırmağa, bütün şahidləri lazımi qaydada dindirməyə və digər dəlilləri effektiv şəkildə araşdırmağa çağırır.

Xədicə İsmayılova: “O qərar mənim şəxsi həyatıma müdaxilə ilə bağlı olan cinayətin araşdırılmamasına görə idi. Avropa Məhkəməsi bu pozuntuları tanıyaraq həm də təsbit etmişdi ki, Azərbaycan hökuməti mənim evimə videokamera yerləşdirilməsi, gizli görüntülərin çəkilməsi və mənim o görüntülərlə şantaj olunmam barədə cinayətin araşdırılmasına əngəl olub”.

Azərbaycan hökuməti Baş Prokurorluğun işlə bağlı istintaqı yenilədiyini bildirib. Nazirlər Komitəsi istintaqın yenidən açılmasını alqışlayıb, xüsusən də İsmayılovanın jurnalist fəaliyyətindən irəli gələn hər hansı potensial motivin araşdırılmasına çağırıb.

Xədicə İsmayılova: “İstintaqın yenilənməsi barədə amorf bir qərar çıxardıblar, amma heç bir addım atmırlar. Biz bir neçə il də gözləyək ki, istintaq birinci addımını atsın, sonra ikinci addımını atsın, ifadələr alsın və s. Yəni, istintaqı yeniləmişik demək hələ heç nə demək deyil. Sadəcə, gözdən pərdə asmaqdır.”

Ötən ilin dekabrında qəbul edilən “Media haqqında” yeni qanun bir çox məhdudlaşdırıcı müddəalarına görə tənqid edilir. Nazirlər Komitəsi, Azərbaycan hökumətini “Media haqqında” yeni qanunu Avropa Şurası standartlarına tam şəkildə uyğunlaşdırmağa çağırır. Hökumət Medianın İnkişafı Agentliyinin tərkibi və fəaliyyət təcrübəsi haqqında məlumat təqdim etməlidir. Sənəddə jurnalistlərə qarşı törədilmiş cinayətlərin səmərəli araşdırılması, bu istiqamətdə yerli məhkəmə təcrübəsinin yaxşılaşdırılmasının vacibliyi vurğulanır.

Xədicə İsmayılova:​“​Maraqlıdır ki, hökumət Nazirlər Komitəsi ilə yazışmasında yeni media qanununu müsbət bir hadisə kimi qeyd edir. Mən də sənədlərlə və faktlarla sübut edirəm ki, əksinə bu, medianın daha da məhdudlaşdırılması üçün hökumətin atdığı addımlardan biridir. Yəni hökumət nəinki mühiti yaxşılaşdırmır, əksinə, pisləşdirir.”

İş günü sonu olduğu üçün mövzu ilə bağlı rəsmi mövqe almaq mümkün olmayıb. Azərbaycan tərəfi Nazirlər Komitəsinə bu qrup işi ilə bağlı təqdim etdiyi son fəaliyyət hesabatında yeni media qanunvericiliyinin jurnalistlərin təhlükəsizliyini və sərbəst fəaliyyətini təmin etdiyini bildirir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəsi: “Qanuna daxil edilmiş mütərəqqi müddəalar sayəsində ölkə mediasında şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinin əsaslarının təmin edilməsi, ictimaiyyətlə media arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi nəzərdə tutulur”.

XS
SM
MD
LG