Accessibility links

Azərbaycandan Avropa Məhkəməsinə göndərilən iki min yüz şikayət baxılmasını gözləyir


May ayının əvvəlinə Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Azərbaycandan göndərilən 2 min 100 şikayət baxılmasını gözləyir.

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə deyib ki, bu göstərici AİHM-də baxılmasını gözləyən şikayətlərin 2,7 faizini təşkil edir.

“2022-ci ilin sonunda Azərbaycandan göndərilmiş 2150 şikayət qərar verilməsini gözləyirdi. AİHM son 4 ayda (yanvar-aprel) Azərbaycandan göndərilmiş 140-dan artıq şikayət üzrə yekun qərar və qərardadını elan edib”, o qeyd edib.

AİHM-də ümumilikdə 76 min 700 şikayət qərar verilməsini gözləyir. 2022-ci ilin sonunda belə şikayətlərin sayı 74 min 650 olub.

“AİHM-də baxılmasını gözləyən şikayətlərin 23 min 250-si Türkiyədən göndərilib (2022-ci ilin sonunda 20 min 100). Bu göstərici qərar gözləyən şikayətlərin 30,3 faizinə bərabərdir. 2-ci sırada 15 min 700 şikayətlə Rusiya, 3-cü sırada isə 9 min 950 şikayətlə Ukraynanın adı gəlir.

Rumıniyadan göndərilmiş 4650, İtaliyadan 3750, Polşadan 2500, Yunanıstandan 2400 şikayət qərar verilməsini gözləyir. Azərbaycan sıralamada 8-cidir. 9-cu sıradakı Belçikadan 2000, onuncu sıradakı Serbiyadan isə 1900 şikayət qərar ərəfəsindədir.

Avropa Şurası məkanına daxil olan yerdə qalan 37 ölkədən göndərilmiş, qərar verilməsini gözləyən şikayətlərin ümumi sayı isə 8500-dür. Bu göstərici AİHM qarşısında baxılmasını gözləyən şikayətlərin hamısının 11,1 faizini təşkil edir.

Ümumilikdə AİHM-ə şikayətlərin sayında artım tempi müşahidə olunur. 2022-ci il ərzində məhkəməyə ümumilikdə 15 min 650 şikayət baxılmağa qəbul edilib. 2023-cü ilin 4 ayında bu göstərici 13 min 550 şikayət təşkil edib. 2022-ci ildə hökumətlərlə ümumilikdə 1732 şikayət kommunikasiya edilmişdisə, son 4 ayda bu göstərici 5 mindən artıq olub”, o qeyd edib.

Barələrində qərar verilmiş şikayətlərin sayında da artım var, 2022-ci ildə cəmi 12 min 474 şikayət üzrə qərar verilmişdi, 2023-cü ilin 4 ayında bu göstərici 10 min 413 olub.

2022-ci il ərzində 11 min 652 ərizə barəsində siyahıdan çıxarma və ya qəbuledilməzliklə bağlı qərardad qəbul edilmişdisə, 2023-cü ilin 4 ayında 8 min 521 ərizə qəbuledilməz sayılıb və ya baxılacaq işlərin siyahısından xaric edilib.

XS
SM
MD
LG