Accessibility links

Avropa Məhkəməsinin 3 yeni qərardadına əsasən Azərbaycan 40 min avroya yaxın cərimə ödəyəcək


Mayın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı üç qərardad qəbul edib. Qərardadlara əsasən, Azərbaycan hökuməti şikayətçilərə ümumilikdə 39 min 690 avro cərimə ödəyəcək.

Fatma Əsgərova Azərbaycana qarşı işində Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanan ərizəçi, mülkiyyət hüquqlarına qanunsuz müdaxilə edildiyini iddia edib. Ərizəçi ona məxsus əmlakın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müsadirə edildiyini, ancaq əmlakının müsadirəsinə görə 20%-lik kompensasiya və digər təzminatların ona ödənilmədiyindən şikayət edib. Yerli məhkəmələr qarşısında qaldırdığı iddialar isə təmin edilməyib. Qərardadda qeyd edilir ki, bu işdə tərəflər dostca anlaşıblar və anlaşmaya əsasən, hökumət Fatma Əsgərovaya maddi ziyana görə 6290, mənəvi zərərə görə 3000, xərc və məsrəflərə görə 500 avro ödəməlidir.

Cəlal Quliyev və başqaları Azərbaycana qarşı işi isə ümumilikdə beş ərizəçinin şikayətini əhatə edir. Ərizəçilər Konvensiyanın azadlıq və toxunulmazlıq hüququnu qoruyan 5-ci maddəsinin 3-cü bəndinə əsasən onların məhkəməyəqədər həbsdə saxlanmalarının qanunsuz olmasından şikayət ediblər. Məhkəmənin qərardadına görə, bu işdə də tərəflər dostca anlaşıblar. Anlşamaya əsasən, hökumət ərizəçilərə dəymiş zərərə və xərclərə görə ümumilikdə 20 min 800 avro ödəyəcək.

Hacıyev və Zeynalov Azərbaycana qarşı işində də ərizəçilər azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq məhkəməyəqədər həbsdə saxlanmalarının əsassız olduğunu iddia ediblər. Ərizəçi Yaşar Hacıyev onun işində, həmçinin təqsirsizlik prezumpsiyasının pozulduğunu iddia edib. Qərardada görə, tərəflər dostca anlaşıblar və hökumət ərizəçilərdən Yaşar Hacıyevə mənəvi zərər və xərclərə görə 4400, Firudin Zeynalova isə mənəvi zərər və xərclərə görə 4700 avro ödəyəcək.

Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında haqqında Avropa Məhkəməsinə ən çox şikayət daxil olan ölkələrdən biridir. Avropa Şurasının Avropa Məhkəməsi qərarlarının üzv dövlətlər tərəfindən icrasına dair sonuncu illik hesabatına əsasən Azərbaycan həmçinin Məhkəmə qərarlarını ən pis icra edən ölkələr sırasındadır.

Azərbaycan təkcə 2022-ci ildə Məhkəmə qərarlarına görə ərizəçilərə ümumilikdə 986 min avro kompensasiya ödəyib.

XS
SM
MD
LG