Accessibility links

Avropa Məhkəməsi Azərbaycanla bağlı dörd qərardad qəbul edib


Avropa İnsan Haqları Məhkəməsi aprelin 13-ü Azərbaycanla bağlı 38 şikayət üzrə 4 qərardad elan edib. Qərardadlara əsasən, Azərbaycan şikayətçilərdə ümumilikdə 75 min avrodan çox kompensasiya ödəyəcək. Qərardadların biri hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə, digərləri isə tərəflərin dostca anlaşmalarına əsaslanır.

"Ümman Səfərov və başqaları Azərbaycana qarşı" işində ümumilikdə 20 ərizəçi onların ədalətli məhkəmə araşdırması hüququnun, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edirdi. Azərbaycan hökumətinin bu işdə ərizəçilərlə dostca anlaşma cəhdi uğursuz olub. Daha sonra hökumət Məhkəməyə təktərəfli bəyannamə təqdim edərək ərizəçilərin inzibati xətalar üzrə məhkəmə araşdırmasının ədalətsiz olduğunu etiraf edib. Hökumət, həmçinin şikayətçilərin biri Əhsan Nuruzadənin işində Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) pozulduğunu etiraf edib və kompensasiya təklif edib. Şikayətçilər hökumətin təklifi ilə razılaşmasalar da, məhkəmə Azərbaycanda ədalətsiz məhkəmə araşdırması ilə bağlı şikayətlərə dair aydın və geniş presedent hüququnun olmasına istinad edərək, şikayəti işlərin siyahısından çıxarmaq barədə qərardad qəbul edib. Yekun qərara əsasən, hökumət Əhsan Nuruzadəyə məhkəmə xərcləri ilə birgə 2250 avro, digərlərinə isə 1250 avro ödəyəcək.

AXCP fəalı Baba Süleyman sözügedən 20 ərizəçidən biridir. O, 2019-cu ilin yanvarında Bakıda baş tutan aksiyanın təşkilatçılardan biri olduğu üçün fevral ayında saxlanılaraq 15 sutka inzibati həbs cəzasına məhkum edilib. Baba Süleyman verilən qərarla qəti şəkildə razı olmadığını, xüsusilə, təyin edilən kompensasiya məbləğinin çox az olduğunu deyir.

Məhkəmənin çıxardığı digər 3 qərardad isə hökumətin ərizəçilərlə dostca anlaşmalarına əsaslanır.

"Füzuli Hüseynov və başqaları Azərbaycana qarşı" işində ərizəçilər onların dinc toplaşmaq azadlığının və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edirdilər. Bu işdə tərəflər dostca anlaşıblar və Məhkəmə şikayəti işlərin siyahısından çıxarmaq barədə qərardad qəbul edib. Dostca anlaşmaya görə, hökumət hər bir ərizəçiyə dəymiş zərərə görə 2600 avro, məhkəmə xərclərinə görə isə əlavə 250 avro ödəyəcək.

"Şahlar Həsənov və başqaları Azərbaycana qarşı" işində şikayəçilərin ədalətli məhkəmə araşdırması və azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilmişdi. Dostca anlaşmaya əsaslanan qərara əsasən, hökumət Qorxmaz Əliyevə 1250, İlqar Hüseynov və Şahlar Həsənovun hər birinə 2250 avro ödəməlidir.

"Usuf Abulov və başqaları Azərbaycana qarşı" işində də şikayətçilər dinc toplaşmaq azadlığının, habelə azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edirdilər. Bu işdə də tərəflər dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçilərdən Usuf Abulov və Rövşən Əhmədliyə 4150, digər 7 ərizəçinin hər birinə 2850 avro təzminat ödəyəcək.

XS
SM
MD
LG