Accessibility links

Avropalı parlamentarlar Azərbaycan hakimiyyətini LGBTI icmasına qarşı təzyiqləri araşdırmağa çağırır


Avropa Parlamenti deputatları Azərbaycan hakimiyyətini LGBTI icmasına və fəallarına qarşı polis zorakılığı ilə bağlı iddiaları ədalətli və təcili şəkildə araşdırmağa çağırıb.

Parlamentin müxtəlif fraksiyalarından və müxtəlif ölkələrdən olan bir qrup deputatı Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı səfir Vaqif Sadıqova məktubunda 22-23 may tarixlərində LGBTI icması üzvlərinə qarşı baş verənlərin narahatlıq doğurduğunu qeyd edib.

32 parlament üzvünün imzaladığı məktubda ILGA Avropa təşkilatının son indeksində Azərbaycanın LGBTI hüquqları sahəsində Avropada ən pis göstəriciyə sahib olması, Azərbaycanda LGBTI hüquqlarının qoruması üçün təkmilləşdirilmiş hüquqi və siyasi tədbirlərə ehtiyac olduğu vurğulanır.

Parlamentarlar Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə də eyni məzmunlu məktubla müraciət edərək Avropa İttifaqının Azərbaycanda LGBTI hüquqlarının qorunması sahəsində fəaliyyətini sorğulayıblar.

Mayın 23-də LGBTI fəalları bir neçə gün əvvəl saxlanılmış trans qadınların həbsinə etiraz olaraq 37-ci polis bölməsinin önünə toplaşıblar. Transgenderlərin azad edilməsini tələb edən fəallardan Əli Məlikov, Cavid Nəbiyev və başqa bir neçə nəfər şöbənin qarşısında saxlanılıb.

Azərbaycan Daxili İşlər Nazirliyi fəalların məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə barələrində xırda xuliqanlıq maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərildiyini deyib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Cavid Nəbiyev 300 manat, Əli Məlikov isə 70 manat məbləğində cərimə edilərək məhkəmədən sərbəst buraxılıblar.

Fəallar Cavid Nəbiyev və Əli Məlikov sərbəst buraxıldıqdan sonra verdikləri açıqlamalarda polis nəzarətində olarkən pis rəftara, təzyiq və təhqirlərə məruz qaldıqlarını bildiriblər. “Yoldaşlarım, icmam hələ də Azərbaycan polisinin əsarətindədir. Bəli, bu bir həqiqətdir ki, Azərbaycan polisi mənə, bizə, icmama xüsusi nifrət bəsləyir”, Cavid Nəbiyev deyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) LGBTI şəxslərinin hüquqları üzrə baş məruzəçisi Kristof Lakrua da mayın 31-i bəyanat yayaraq Azərbaycanda LGBTI şəxsləri və onların hüquqlarını müdafiə edən fəalların polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı xəbərlərdən dərin narahatlıq ifadə edib.

“Heç kim cinsi oriyentasiyasına, cinsi kimliyinə, ifadəsinə və ya cinsi xüsusiyyətlərinə görə hədəf alınmamalıdır. Xüsusilə, hüquq-mühafizə orqanları bu cür təcrübələrlə məşğul olmaq əvəzinə, insan hüquqlarını hər kəs üçün təmin etməli və qorumalıdır”, AŞPA məruzəçisi vurğulayıb.

XS
SM
MD
LG