Accessibility links

Trans qadınların həbsinə etiraz edən LGBTIQ+ fəallar cərimə edilərək sərbəst buraxılıblar


LGBTIQ+ fəalları Əli Məlikov və Cavid Nəbiyev Xətai Rayon Məhkəməsinə gətirilərkən.
LGBTIQ+ fəalları Əli Məlikov və Cavid Nəbiyev Xətai Rayon Məhkəməsinə gətirilərkən.

Mayın 23-də LGBTIQ+ fəalları bir neçə gün əvvəl saxlanılmış trans qadınların həbsinə etiraz olaraq 37-ci polis bölməsinin önünə toplaşıblar.

Mayın 22-də sosial şəbəbəkələrdə Bakının Xətai rayonunda üç trans qadının polislə qarşıdurma görüntüləri yayılıb. Görüntülərdə transların polislə əlbəyaxa olduğu və daha sonra saxlanıldığı görünür.

Transgenderlərin azad olunması tələbi ilə 37-ci Polis Şöbəsinin qarşısında toplaşan LGBTIQ+ fəalları Əli Məlikov, Cavid Nəbiyev və başqa bir neçə nəfər şöbənin qarşısında saxlanılıb.

Daxili İşlər Nazirliyi açıqlamasında bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumata görə, onlar barəsində prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.

DİN məlumatında deyilir ki, mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.

Trans fəal Aydan Paşayevanın məlumatına görə, mayın 22-də baş verən insident polisin trans qadınların şərəf və ləyaqətini alçaltmasından sonra baş verib.

DİN açıqlamasında bildirib ki, mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən hotellərdən birində 3 trans qadın xuliqanlıq zəminində saxlanılıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Cavid Nəbiyev 300 manat, Əli Məlikov isə 70 manat məbləğində cərimə edilərək məhkəmədən sərbəst buraxılıblar.

LGBTIQ+ fəalı Əli Məlikov sərbəst buraxılandan sonra Twitter sosial şəbəkəsində bölmədə saxlanılma şəraitindən danışıb: "Biz iki gündür ac, susuz, bölmədə söyülə-söyülə, iyrənc rəftar görə-görə, təhdidlərlə saxlanılırdıq. Balaca bir kamerada 4 nəfərlə qalırdıq".

XS
SM
MD
LG