Accessibility links

ABŞ əfvi alqışlayır, ancaq bir çoxlarının həbsdə qalması ilə bağlı təəssüfünü bildirir


"Birləşmiş Ştatlar mayın 8-də əsas azadlıqlarından yararlandıqlarına görə həbsdə olan azərbaycanlıların əfv olunmasını alqışlayır".

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyin məlumatında deyilir.

"Təəssüflər olsun ki, sözügedən hüquqlardan yararlandıqlarına görə bir çox insan hələ də həbsdə qalır. Biz Azərbaycanı ölkənin konstitusiyası və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə uyğun olaraq bu şəxsləri azad etməyə, habelə vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün əlavə addımlar atmağa çağırırıq", məlumatda deyilir.

Prezident İlham Əliyev mayın 8-də əfv sərəncamı imzalayıb.

Sərəncamın keçmiş prezident Heydər Əliyevin 100 illik yubileyi münasibətilə verildiyi açıqlanıb.

Əfv sərəncamı ümumilikdə 801 məhkuma şamil olunub. Onlardan 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 220 şəxsin də cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Habelə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki şəxs də cəzadan azad edilib.

Əfv olunanlar arasında cərimə və islah işlərinə cəlb edilməsi nəzərdə tutulanlar da var.

Azərbaycan prezidenti bundan əvvəl sonuncu əfv sərəncamını ötən il mayın 27-də imzalamışdı. Bütünlükdə 213 şəxsə şamil edilən həmin sərəncamda isə 20-dən çox şəxsin adı hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı siyahılarında da yer alırdı.

Hüquq müdafiəçisi Anar Məmmədli Amerikanın Səsinə açıqlamasında bildirib ki, əfvlə bağlı sərəncam siyasi məhbusların sayının azalması baxımından heç bir dönüş yaratmır.

"Ölkədə xeyli siyasi məhbus var. Bu şəxslər illərdir ki, həbsxanadadır. Dəfələrlə çağırışlar olub. Təəssüf ki, verilən həbs sərəncamı siyasi məhbus probleminin həlli ilə bağlı ciddi addım deyil. Əlbəttə ki, insanların əfv sərəncamı ilə müəyyən kriteriyalar əsasında azadlığa qovuşmasını təqdirəlayiq hesab edirəm. Yaxşı olar ki, bu cür əfv sərəncamlarından siyasi məhbuslar da bəhrələnsinlər. Amma hər dəfə bir neçə adamın adı salınır. Siyasi məhbus problemi həllini tapmır. Bu da ənənəvi sərəncamlardan biridir" - deyə, o bildirib.

XS
SM
MD
LG