Accessibility links

Varşavada Qubad İbadoğlunun həbsi ilə bağlı xüsusi aksiya keçirilib


ATƏT-in Varşavada keçirilən tədbirində Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı aksiya keçirilib.
ATƏT-in Varşavada keçirilən tədbirində Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı aksiya keçirilib.

"Oktyabrın 9-da ATƏT-in Varşavada keçirilən tədbirində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının rəhbəri və iqtisadçı alim Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı xüsusi aksiya keçirilib".

Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul (Bayramov) bildirib.

Onun sözlərinə görə, aksiyani insan hüquqlarının müdafiəsi sahəsində nüfuzlu beynəlxalq təşkilat olan "Crude Accountability" təşkil edib.

“Təşkilatın nümayəndəsi çıxış edən zaman onun arxasında üzərində Qubad İbadoğlunun şəkli olan və "Fighting corruption is not a crime" (Korrupsiya ilə mübarizə cinayət deyil) şüarı yazılmış köynəklər geyinmiş gənclər dayanıblar”, o bildirib.

ADR Hərəkatının sədri, iqtisadçı professorun səhhətinə gəldikdə isə, qardaşı bildirir ki, Qubad İbadoğlunun səhhətində problemlər hələ də qalmaqdadır.

“Səhhəti ilə bağlı vəziyyət belədir ki, Qubad bəyin həm onurğası , həm ürəyi kompüter tomaqrafiyası olmalıdır. Çox təəssüf ki, bu istiqamətdə hər hansı bir addım atmırlar. Ümumiyyətlə Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərardan sonra bu istiqamətdə Bakı İstintaq təcridxanası hər hansı bir addım atmayıb”İbadoğlunun qardaşı bildirib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG