Oktyabrın 3-ü Varşavada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan Ölçüsü konfransında Azərbaycanda demokratik institutlar üçün daralan mühit barədə panel müzakirələri keçirilib.
Tədbirdə ölkədə siyasi müxalifətin təqibi və fəallara qarşı repressiyaların pisləşən tendensiyası vurğulanıb, Azərbaycan hakimiyyətinin “Siyasi partiyalar haqqında” yeni qanun vasitəsilə tətbiq etdiyi məhdudiyyətlərin demokratiyanı, qanunun aliliyini, demokratik seçkiləri və ifadə azadlığını daha da sarsıtdığı qeyd edilib.
“Biz həmçinin Azərbaycanda işçi hüquqlarına hörməti təbliğ edən həmkarlar ittifaqı fəalları Afiəddin Məmmədov, Ayxan İsrafilov və Elvin Mustafayevin əsassız həbsindən dolayı narahatlığımızı ifadə edirik. Bundan başqa, Azərbaycan hökuməti ətraf mühit və anti-müharibə fəallarına da sərt reaksiya vermiş, Azərbaycan parlamentinin keçmiş üzvü Nazim Bəydəmirlini Söyüdlü kəndindəki hadisələri tənqid etdiyi üçün və tanınmış jurnalist Nurlan Qəhrəmanlını regionda sülh çağırışı etdiyi üçün həbs etmişdir”, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov vurğulayıb.
Emin Hüseynov əlavə edib ki, Azərbaycan hakimiyyəti seçkilərin yaxınlaşmasına doğru repressiyaları daha da artıracaq. O, hakimiyyətin həmçinin Ermənistanla münaqişədən də sui-istifadə edərək öz tənqidçilərini susdurmağa çalışdığını bildirib.
“Tərtər işi” üzrə araşdırmaçı jurnalist Abid Qafarov, həmçinin bloger Mehman Hüseynov Azərbaycanda müstəqil jurnalistlərə qarşı təzyiqlər barədə, habelə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən işgəncə və pis rəftarla bağlı danışıb.
Müzakirələrdə iştirak edən İbad Bayramov atasının, hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi və onun həbsdə səhhətinin pisləşməsi barədə məlumat verərək, atasının həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini, irəli sürülən ittihamların saxta olduğunu qeyd edib.
“İnsan Hüquqları Evi Fondu” beynəlxalq insan hüquqları təşkilatının nümayəndəsi Deyv Elseroad da Qubad İbadoğlunun həbsi barədə narahatlıq ifadə edib.
“Azərbaycanda vətəndaş fəalı, akademik Qubad İbadoğlunun həbsi, saxlanması və ağır həbs şəraiti bizi çox narahat edir. Onun həbsi və iddia edilən pis rəftar Azərbaycan hakimiyyətinin tənqid və fərqli səslərə görə repressiya kimi cinayət ədliyyə sistemindən sui-istifadə etməsinin bariz nümunəsidir. Keçən ay ən azı beş anti-müharibə fəalının ifadə azadlığından istifadə etdiklərinə görə həbs olunmasından da eyni dərəcədə narahatıq”, Elseroad konfransda çıxışı zamanı qeyd edib.
Hüquq müdafiəçisi Anar Məmmədli Amerikanın Səsinə bildirib ki, Azərbaycanda siyasi motivli həbslər uzun illərdir mövcuddur və bu, hakimiyyətin avtoritar mahiyyətindən irəli gəlir.
“Azərbaycanda siyasi motivli həbslər, siyasi repressiyalar hər zaman olub. Hakimiyyət üçün ictimai-siyasi sahədə fəaliyyət göstərən insanlar müxtəlif qruplara bölünür. Onlara qarşı daha tənqidçi yanaşan, onları sorğulayan insanlar dərhal təqib olunur. İnzibati həbslər, qondarma ittihamlarla cinayət işləri açılması və s. Bu proses hər zaman davam edib. Müharibədən öncə də, müharibədən sonra da”, Anar Məmmədli vurğulayıb.
Qubad İbadoğlunun həbsinə toxunan Anar Məmmədli onun həbsinin də ölkədə sistemli şəkildə aparılan repressiya siyasətinin bir hissəsi olduğunu deyir. “İnsanlar bir qədər fəallaşanda, bir qədər siyasi mövqe ortaya qoyanda, dərhal onları təqib edirlər, inzibati və ya cinayət xarakterli motivlərlə həbs edirlər”, Məmmədli əlavə edib.
Azərbaycan hakimiyyəti insan hüquqları ilə bağlı yerli və beynəlxalq tənqidləri bir qayda olaraq qəbul etmir. Rəsmi Bakı ölkədə bütün hüquq və azadlıqların qorunduğuna israr edir.
Hər il keçirilən Varşava İnsan ölçüsü konfransı ATƏT məkanında insan hüquqları və əsas azadlıqların vəziyyəti ilə bağlı müzakirələrə həsr olunur. 10 günlük konfrans Avropada insan hüquqları sahəsində ən böyük tədbirlərdən biri hesab edilir.
Forum