Accessibility links

Freedom Now Azərbaycanda ictimai fəallara qarşı təqibləri pisləyir


Afiəddin Məmmədov, ictimai fəal
Afiəddin Məmmədov, ictimai fəal

“Freedom Now” beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda müharibə əleyhdarı olan fəallara qarşı təqibləri və həbsləri pisləyib, Azərbaycan hakimiyyətini əsas insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.

Azərbaycanda hökumət tənqidçilərinin siyasi motivli ittihamlarla həbs edilməsinin “uzun tarixi” olduğunu qeyd edən “Freedom Now” yeni həbslərin narahatedici tendensiyadan xəbər verdiyini və vətəndaş cəmiyyətinə qarşı daha geniş repressiyaların başlanğıcı ola biləcəyinə dair narahatlıq ifadə edib.

“Freedom Now” Azərbaycan hakimiyyətini müharibə əleyhdarı fəalların siyasi motivli təqibini dayandırmağa, fərqli fikir və söz azadlığını faktiki olaraq kriminallaşdıran qanunları ləğv etməyə, məhkum olunmuşların məhkumluqlarını ləğv etməyə və bütün vətəndaşların beynəlxalq hüquqda təsbit olunmuş əsas hüquqlarını təhlükəsiz şəkildə həyata keçirə bilməsini təmin etməyə çağırır”, bəyanatda qeyd edilib.

“Freedom Now” həmçinin beynəlxalq təşkilatları Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına, habelə Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktdan irəli gələn öhdəliklərinə əməl etməsini təmin etməyə çağırır.

Azərbaycanın 19 sentyabr tarixində Qarabağda hərbi əməliyyatlar başlatmasına sosial şəbəkələrdə etirazını bildirən ictimai fəallar Nemət Abbasov, Əmrah Təhməzov, Emin İbrahimov və Nurlan Qəhrəmanlı 20-21 sentyabr tarixlərində 30 sutkalıq inzibati həbs cəzasına məhkum ediliblər. Fəallara qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham irəli sürülsə də, onlar özlərini təqsirli bilməyib və həbslərini müharibə əleyhinə səsləndirdikləri fikirlərə görə olduğunu qeyd ediblər.

Digər tərəfdən, ötən ay əmək hüquqlarının müdafiəsi ilə məşğul olan fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülərək haqqında həbs qətimkan tədbiri seçilib. Afiəddin Məmmədov ittihamların saxta olduğunu və həbsinin onun ictimai fəaliyyəti ilə əlaqəli olduğunu deyib. Fəal sözügedən ittiham üzrə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

Azərbaycanda işçi istismarına qarşı mübarizə və əmək hüquqlarının müdafiəsi üçün yaradılan İşçi Masası Həmkarlar Konfederasiyasının digər iki üzvü Elvin Mustafayev və Ayxan İsrafilov isə bu ilin avqust ayında narkotik ittihamı ilə saxlanılıb.

Yerli insan hüquqları təşkilatları hazırda Azərbaycanda ən az 235 siyasi məhbusun olduğunu qeyd edib.

Avropa İttifaqı, Avropa Parlamenti, AŞPA və digər bir sıra beynəlxalq və yerli təşkilatlar Azərbaycanda hökumət tənqidçilərinə qarşı siyasi motivli təqiblər və həbslər barəsində narahatlıq ifadə etsə də, rəsmi Bakı bir qayda olaraq bu ittihamları qəbul etmir. Azərbaycan hakimiyyəti ölkədə bütün əsas hüquq və azadlıqların qorunduğunu, heç kimin siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

Forum

XS
SM
MD
LG