Sentyabrın 19-da ictimai fəallar Cavid Əhmədov və Əmrah Təhməzovun Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldığı bildirilir. Bu barədə fəallar özləri məlumat yayıblar.
Hər iki fəal müharibə əleyhinə paylaşımlarına görə DTX-yə dəvət olunduqlarını deyirlər.
Cavid Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldıqdan sonra, eyni gün ora gedib və bir neçə saatdan sonra sərbəst buraxılıb. Əhmədov bildirib ki, DTX-ya rəsmi bildiriş olmadan çağırılıb:
"Rəsmi bildirişi soruşanda dedilər ki, "lazım olsa göndərərik". Söhbət həddindən artıq uzun oldu, əsasən indiki vəziyyətdə müharibə əleyhinə yazmağımla bağlı danışırdılar, arqumentlər qururdular. 4 saatdan sonra sərbəst buraxıldım".
Əhmədovun sözlərinə görə DTX-da müharibə əleyhinə yazanları təxribat törətməkdə ittiham ediblər.
"Məlum oldu ki, bura çağırılan təkcə mən deyiləm. Bir neçə AXCP üzvünü gördüm, vətəndaş cəmiyyətindən olmayan adamlar da var idi. Bizim hazırda baş verənlərə alternativ fikir bildirməyimiz onlar üçün qəbuledilməzdir. Sanki hər kəs susmalıdır, heç kim danışmamalıdır. Hamı dəmir yumruğun altında birləşməlidir. Alternativ fikir deyən insanlar isə necəsə cəzalandırılmalıdır", deyə o, bildirib.
Fəal deyir ki, ona psixoloji təzyiq göstərməyə çalışıblar:
"Fiziki zorakılıq olmadı, amma Cinayət Məcəlləsinin maddələrini açıb oxutdururdular. Bu formada təzyiq edilirdi. Mənə deyirdilər ki, sən çox rahatsan, bir növ bu şey onlarda qıcıq yaradırdı. Dedim ki, heç bir cinayət törətməmişəm və mən başıaşağı deyiləm ki, bura gəlim qorxum".
Dövlət Təhlükəsizlik Xidmətinə çağırılan digər fəal Əmrah Təhməzov 2020-ci ildə də müharibə vaxtı DTX-yə çağırıldlğını bildirir: "Dövlət Təhlükəsizlik Xidmətindən zəng ediblər, məni yenə çağırırlar".
Məsələ ilə bağlı DTX-dən münasibət öyrənmək mümkün olmayıb.
Sentyabrın 13-də jurnalist Nurlan Qəhrəmanlı (Libre) də Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. Nurlan Qəhrəmanlı bildirib ki, o, DTX-də müharibə əleyhinə paylaşımlarına görə zorlama ilə təhdid olunub.
Azərbaycan ordusu sentyabrın 19-da Qarabağ regionunda "lokal xarakterli antiterror tədbirlərinə" başladığnı elan edib.
Ermənistan xarici işlər nazirliyi bəyanat yayaraq Azərbaycanı Qarabağda "etnik təmizləmə" siyasətini bitirməyə cəhd etməkdə günahlandırıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov hərbi əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyinin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini bildirib.
Tanınmamış Dağlıq Qarabağ Respublikasının informasiya mərkəzi Azərbaycanın keçirdiyi hərbi əməliyyat nəticəsində 25 nəfərin həlak olduğunu və 128 nəfərin yaralandığını bildirib. Məlumatda əlavə edilir ki, ölənlər arasında 2 nəfər mülki şəxs, yaralananlar arasında isə 12 nəfər uşaqdır.
Azərbaycan rəsmiləri mülki əhali və infrastruktur obyektlərinin hədəfə alınmadığında israr edir. Keçirilən əməliyyatlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyinin məlumatlandırıldığı bildirilir.
Forum