Dekabrın 6-da ABŞ səfirliyində səfir Mark Libbi və Dövlət katibinin köməkçisinin müavini Coşua Hak həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun, “Azadlıq” Radiosunun jurnalisti və iqtisadçı Fərid Mehrəlizadənin, həmçinin “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının ailə üzvləri ilə görüşüb.
Bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Birləşmiş Ştatlar Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərini yerinə yetirməyə, haqsız yerə həbs olunanları dərhal azad etməyə və vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa çağırmaqda davam edir.
Bundan öncə, dekabrın 5-də ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən iclası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Ukrayna vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.
İclasda Azərbaycan vətəndaş cəmiyyətini siyasi mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynov təmsil edib.
Dövlət katibi X Platformasında qeyd edib ki, Ukraynada Rusiyanın zorakılıqları, vətəndaş cəmiyyəti və mediaya, siyasi məhbuslara qarşı repressiyalar, ATƏT regionunda “xarici agent” qanunlarının yayılması ilə bağlı narahatlıqları müzakirə etmək üçün hüquq müdafiəçiləri ilə görüşdüb.
“Biz qəti şəkildə repressiyalara qarşı çıxmalı, insan hüquqlarını müdafiə etməliyik”, o qeydb edib.
Xatırladaq ki, Azərbaycanın hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda 319 siyasi məhbus var. Siyasi məhbus kimi tanınan şəxslərin heç biri özünü təqsirli bilmir, həbslərinin tənqidi baxışları, peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini ədalətsiz həbsdə olan şəxsləri azad etməyə çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.
Forum