Dekabrın 6-da Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakla görüşüb.
Xarici İşlər Nazirliyinin məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Məlumatda deyilir ki, Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.
Bundan əlavə Azərbaycanın bu ilin noyabrında ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.
Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir ki, ABŞ Dövlət Katibinin köməkçisinin müavini Coşua Hak və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, həmkarları ilə yüksək səviyyəli görüşlər keçirmək, səfir Libbi və onun komanda üzvləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün Bakıya səfər ediblər.
"Azərbaycan rəsmiləri ilə apardıqları müzakirələrdə Dövlət Katibinin köməkçisinin müavini Hak və baş məsləhətçi Bono Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhə nail olmaq üçün növbəti addımları, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, və COP29-un uğurundan sonra iqlim məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər", - paylaşımda deyilir.
Forum