Accessibility links

ABŞ və Türkiyə Yaxın Şərqdə baş verənləri və Cənubu Qafqazda sülh prosesini müzakirə edib


ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan
ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan

Noyabrın 12-də Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı Qəzza zolağında son vəziyyət, Livanda baş verən hadisələr, Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş müzakirə olunub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keceli X sosial şəbəkəsində məlumat verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də Dövlət katibi Antoni Blinkenin Türkiyə xarici işlər naziri Hakan Fidanla telefon danışığı barədə məlumat yayıb.

“Dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin yerinə yetirilməsini, Livan və İsrail vətəndaşlarının evlərinə qayıtmasına icazə verən diplomatik qətnaməyə nail olmaq üçün davam edən səyləri müzakirə ediblər. Dövlət katibi Qəzzada qarşıdurmaya son qoymağın, girovların azad edilməsinin təmin edilməsinin, humanitar yardımın artırılmasının və Qəzzada fələstinlilərin həyatlarını bərpa etmələri üçün yol yaratmağın vaxtının yetişdiyini bir daha vurğulayıb. Dövlət katibi və xarici işlər naziri Cənubi Qafqazda ləyaqətli və davamlı sülhün əldə edilməsinin vacibliyini də müzakirə ediblər”, Metyu Miller qeyd edib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Tərəflər arasında hələ sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 8-də yaydığı bəyanatda bildirir ki, Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub. Ancaq sülh prosesinin uğurla yekunlaşmasının qarşısında çağırış və təhdidlər hələ də qalır.

Bakı sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsində israr edir. Ermənistan Konstitusiya Məhkəməsinin qərarında isə deyilir ki, ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur.

Yerevan bir neçə dəfə sülh sazişini razılaşdırılmış maddələr üzrə imzalamağı təklif edib. Bakı isə bunu real saymır, "yarımçıq sülh"ü qəbul etmədiyini bildirir.

44 günlük müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb.

Bu müharibədə Ermənistanın rəsmi qurumları isə onlar tərəfdən 4 mindən çox hərbi qulluqçu itirdikləri bildirilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG