Accessibility links

ABŞ Prezidenti Azərbaycan Prezidentini sülh sazişini yekunlaşdırmağa dəvət edib


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi Maykl Karpenteri qəbul edib, Bakı 21 oktyabr, 2024. (Mənbə - prezident.az)
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi Maykl Karpenteri qəbul edib, Bakı 21 oktyabr, 2024. (Mənbə - prezident.az)

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistanla sülh sazişi sahəsində real addımların atılmasının lazımlığı əks olunan məktub göndərib.

Prezident Baydenin məktubunu oktyabrın 21-də Azərbaycanda səfərdə olan ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Prezident İlham Əliyevə təqdim edib.

Prezident Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubda deyilir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnundur.

“Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.

Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır”, ABŞ Prezidenti bildirib.

Prezident Bayden qeyd edir ki, onun xahişi ilə xüsusi köməkçisi, Avropa üzrə baş direktor Maykl Karpenter ABŞ-ın atmağa hazır olduğu müəyyən addımlarla bağlı Azərbaycan Prezidentini məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Əliyevin mövqeyini öyrənəcək.

“Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız", Prezident Bayden qeyd edib.

İlham Əliyev və Maykl Karpenter (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Maykl Karpenter (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Maykl Karpenter Prezident İlham Əliyevlə görüşündə ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayıb, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deyib.

"Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan Karpenter bildirdi ki, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi var”, o qeyd edib.

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən Prezident Əliyev vurğulayıb ki, ölkəsi regional sülh gündəliyini dəstəkləyir.

“Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğuladı", Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir.

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Forum

XS
SM
MD
LG