Accessibility links

Milli Məclis Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıb


Milli Məclis
Milli Məclis

Milli Məclisin oktyabrın 8-də keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Bır sıra deputatların bu gün keçirilən iclasda ABŞ-ı tənqid etmələrinə baxmayaraq, Azərbaycan - Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər seçilib.

İşçi qrupuna Milli Məclisin deputatı Səməd Seyidov seçilib. O bildirib ki, ABŞ ilə əlaqələrə yenidən baxmaq lazımdır.

“Regionda provakasiyaları törədən USAID-in yardımlarına yenidən baxmalıyıq. Dərk etməliyik ki, onlar dostluğun içərisində başqa niyyətləri regiona gətirmək istəyirlər. Hesab edirəm ki, məktubumuz Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təhlil olunacaq və müvafiq qərarlar qəbul olunacaq", o deyib.

Səməd Seyidov vurğulayıb ki, ABŞ noyabr ayında Azərbaycanda COP29 beynəlxalq tədbirinin keçirilməsinə müsbət rəyini versə də, Dövlət Departamenti vasitəsilə həmin tədbiri “alt-üst etmək" cəhdi göstərir.

Deputat Siyavuş Novruzov deyib ki, son 50 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayısı ilə, ya da birbaşa iştirak edib.

Deputat Vüqar İskəndərov bildirib ki, ölkədə USAİD təşkilatına ehtiyac yoxdur.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib ki, ABŞ-nin Azərbaycan dövlətinə qarşı birtərəfli və qərəzli fikirləri tamamilə qəbuledilməzdir.

Sədr müavini bildirib ki, ABŞ hökuməti Azərbaycana qarşı növbəti dəfə “ikili standartlar nümayiş etdirərək öz saxta, ikiüzlü mövqeyini" ortaya qoyur: “ABŞ rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialar separatizmin və Ermənistan daxilində revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil”.

Daha sonra iclasda 101 ölkə üzrə Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilib.

Azərbaycan Milli Məclisində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ləğv olunub. Bununla yanaşı Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Qrupun rəhbəri Milli Məclisin deputatı Musa Qasımlıdır.

Siyasi şərhçi Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib ki, Azərbaycan-ABŞ münasibətlərinin yaxşı olması Azərbaycanın milli maraqlarına tamamilə cavab verən bir məsələdir. Onun fikrincə, Azərbaycan ictimaiyyəti, xüsusilə dövlət qurumları mümkün qədər çalışmalıdır ki, ABŞ-la münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atsınlar.

“Çünki ABŞ-la münasibətlərin gərginləşməsi bu coğrafiyada yaxşı heç nə vəd etmir. Biz xatırlayırıq, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra onun siyasi təhlükəsizlik maraqlarında ABŞ-la münasibətlərinin çox mühüm rolu olub. Əks halda bizim bu coğrafiyada özümüzün müstəqilliyimizi möhkəmləndirməmiz xeyli çətin olardı”, o bildirib.

Təhlilçi hesab edir ki, hazırda Azərbaycan-ABŞ münasibətlərində xoşagəlməz nüanslar var. Onun sözlərinə görə, ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti olduqca dözülməzdir. Ölkədə 300-dən çox siyasi məhbus var.

“Azərbaycan parlamentarilərinin ABŞ-a yönəlik bu çıxışlarındansa, daha çox ölkə başçısına, ölkənin hüquq mühafizə orqanlarına müraciət edərək siyasi məhbus probleminin həllini, ölkədə hüquq və azadlıqlarla bağlı problemlərin ortadan qalxması sahəsində addımların atılmasını çağırsaydılar daha məntiqli olardı”, Məmmədli əlavə edib.

Azərbaycan Milli Məclisinin 43 deputatı ABŞ-la iki sazişə xitam verilməsi, USAID-nin Azərbaycandakı layihələrinin dayandırılması barədə xarici işlər naziri Ceyhun Bayramova müraciət edib. Deputatlar həmçinin nazir Bayramovdan xahiş edib ki, ABŞ-la yeni müqavilələrin razılaşdırılması və qüvvədə olan müqavilələrin uzadılması üzrə danışıqları dərhal dayandırsın.

Milli Məclisin deputatlarının müraciəti ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün Dövlət kaitbi Antoni Blinkenə müraciətindən sonraya təsadüf edir. Həmin müraciətdə Bakıda təşkil olunacaq BMT iqlim dəyişikliyi üzrə konfransı ərəfəsində Azərbaycan hökumətinə bütün siyasi məhbusların, o cümlədən erməni əslli şəxslərin sərbəst buraxılması üçün təzyiq göstərilməsinə çağırılır.

Oktyabrın 3-də ABŞ-ın 58 qanunvericisi Dövlət Katibi Antoni Blinkendən Azərbaycan Prezidenti İlham Əliyevdən gələn ay keçiriləcək COP29 iqlim sammiti ərəfəsində insan hüquqları ilə bağlı təzyiq göstərməyi xahiş edib.

10 senator və 48 konqresmen Blinkeni Azərbaycanı siyasi məhbusları azad etmək üçün “məqsədli tədbirlər” görməyə məcbur etməyə və “sülh danışıqlarını pozmaq riski ilə üzləşən” Ermənistana qarşı bəyanatları pisləməyə çağırıblar.

“Biz Dövlət Departamentini COP29-da uğurlu diplomatiya üçün daha əlverişli şərait yaratmaq üçün bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin, o cümlədən etnik ermənilərin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün təzyiq göstərməyə çağırırıq”, məktubda deyilir.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Zəngilan rayonunda sakinlərlə görüşündə ABŞ konqresmenlərinin müraciətinə münasibət bildirib.

"Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır", o qeyd edib.

Yerli hüquq-müdafiə təşkilatları Azərbaycanda 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.

Rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların təmin edildiyini bəyan edir.

Erməni rəsmi mənbələri hazırda Azərbaycanda 23 nəfər erməni əsilli insanın həbsdə olduğunu bildirir. Azərbaycan tərəfi həbsdə olan erməni əsilli insanların sayı barədə məlumat vermir. Rəsmi orqanlar Azərbaycanda hərbi əsirlərin olmadığını, həbsdə olan erməni əsilli insanların konkret cinayət əməllərinə görə ittiham edildiyini bildirir.

Forum

XS
SM
MD
LG