Accessibility links

Prezident Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Azərbaycanda səfərdədir


Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycana gəlib.
Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycana gəlib.

ABŞ Prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Con Podestanın səfəri COP29-un konfransqabağı görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək məqsədi daşıyır.

Bundan əlavə Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti Azərbaycanda işgüzar səfərdədir.

Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“İqlim dəyişikliyi ilə mübarizədə daha bir mühüm həftə Bakıda başlayır. Bu həftə ərzində diqqət COP29 danışıqlarına yekun hazırlıqlara yönəldiləcək. Nümayəndə heyətimizə Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti rəhbərlik edir”, Britaniya səfiri Ferqus Auld videomüraciətində bildirib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək.

Konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Konfransın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

Bundan əlavə bir çox beynəlxalq hüquq müdafiə təşkilatları bəyanat yayaraq COP29 iqlim sammiti öncəsi Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa, ifadə azadlığına görə həbs edilənləri azad etməyə, iştirakçıların, o cümlədən fəalların və jurnalistlərin bu tədbirdə iştirak edə bilməsini təmin etməyə çağırıb.

O cümlədən, keçən həftə ABŞ-da 10 senator və 48 konqresmen Dövlət katibi Blinkeni Azərbaycanın siyasi məhbusları azad etməsi üçün tədbirlər görməsinə "məcbur etməyə" və Ermənistana qarşı “sülh danışıqlarını pozmaq riski yaradan” bəyanatlarını qınamağa çağırıblar.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Zəngilan rayonunda sakinlərlə görüşündə ABŞ konqresmenlərinin müraciətinə münasibət bildirib.

"Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır", o qeyd edib.

Yerli hüquq-müdafiə təşkilatları Azərbaycanda 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.

Rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG