Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan arasında Cenevrədə keçirilməsi gözlənilən görüş təxirə salınıb.
Ermənistan tərəfinin məlumatına görə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçirilməli olan görüşdən son anda imtina edib.
“Ermənistan Milli Məclisinin sədri Alen Simonyanla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında görüş ləğv edilib. Azərbaycan tərəfi [görüşlə bağlı] əvvəlki razılaşmadan son anda imtina edib”, Ermənistan spikerinin mətbuat katibi Movses Harutyunyan bildirib.
Azərbaycan tərəfi görüşdən imtina ilə bağlı məlumata dair hələlik heç bir şərh verməyib.
Azərbaycanın hökumətyönlü mediasında yayılan məlumata görə, Qafarova görüşdən son anda deyil, daha əvvəl imtina edib və bunu Ermənistan hakimiyyətinin son aylarda Azərbaycana qarşı ritorikasının dəyişməsi ilə əlaqələndirib.
Buna qədər iki ölkənin parlament sədrləri Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə bu ilin mart və may aylarında olmaqla iki görüş keçirib.
Görüşlərdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə töhfəsi ətrafında müzakirələr aparılıb. Hər iki tərəf görüşlərin “konstruktiv” keçdiyini qeyd edib.
“Görüş konstruktiv atmosferdə keçib. Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”, Azərbaycan Milli Məclisinin mətbuat xidməti may ayındakı görüşlə bağlı məlumatında vurğulayıb.
Alen Simonyan bu gün Parlamentlərarası İttifaqın 149-cu Assambleyasındakı çıxışı zamanı bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişi əldə etməyin astanasındadır.
“Aylar əvvəl sülh prosesi ciddi şəkildə başlayanda Azərbaycan bizdən beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılığa gəlməyimizi istədi. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz indi 16 bənd üzrə razılığa gəlmişik”, Simonyan vurğulayıb.
Ermənistanın bu gün də sülh sazişi imzalamağa hazır olduğunu deyən Alen Simonyan rəsmi Bakını siyasi iradə nümayiş etdirməyə, fürsətdən istifadə etməyə və “mümkün olanı reallığa çevirməyə” çağırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışlarında, o cümlədən sentyabrın 26-da BMT Baş Assambleyasındakı nitqi zamanı rəsmi Bakını razılaşdırılmış müddəalar üzrə sülh sazişi bağlamağa, qalan məsələlər üzrə danışıqları davam etdirməyə çağırıb.
Azərbaycan prezidenti İlham Əliyev isə Yerevanın bu təklifini reallıqdan kənar hesab etdiyini bildirib.”Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz”, Əliyev oktyabrın 14-ü Belçikanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edərkən deyib.
Forum