Oktyabrın 18-də İstanbulda Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Ankarada İordaniyanın xarici işlər naziri Ayman əs-Safadi ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Xəbəri “TRT Haber” saytı yayıb.
“Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz regional əməkdaşlıq platforması “3+3” vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk. Oktyabrın 18-də İstanbulda “3+3” formatında nazirlərin üçüncü görüşü keçiriləcək. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edəcək”, o qeyd edib.
Bundan öncə 3+3 formatında Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü 2023-cü il oktyabrın 23-də Tehranda keçirilib.
“Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi zamanı” mövzusunda keçirilən görüş Qafqaz regionunda baş verən hadisələrə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına həsr olunub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 3+3 formatı regional problemlərin region ölkələri tərəfindən həll yollarını nəzərdən keçirmək məqsədilə yaradılıb.
“3+3” formatında ilk iclas 2022-ci ildə xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.
Gürcüstan xarici işlər nazirliyi hələ “3+3” formatında görüşlərə qatılmır. Buna səbəb kimi Rusiya ilə diplomatik əlaqələrin olmaması göstərilir. Gürcüstan Rusiyanı onun ərazisini işğal edən dövlət kimi tanıyır.
Forum