Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Azərbaycanda səfərdədir. O, avqustun 5-də Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşdükdən sonra Bakıya gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun avqustun 6-da keçirilən görüşündə ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər diqqət mərkəzində olub.
Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Prezident Əliyev Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd edib.
İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Azərbaycan Prezidenti bunun ən yüksək və digər səviyyələrdə təmaslarda, eyni zamanda, iki ölkə arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğulayıb.
Prezident İlham Əliyev bu məsələlərlə bağlı mütəmadi olaraq Prezident Vladimir Putin ilə müzakirələr apardığını bildirib.
O, yaxın zamanda Azərbaycan-Rusiya ikitərəfli dəvlətlərarası komissiyanın Bakıda iclasının keçiriləcəyini vurğulayıb.
“Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu dövlətlər üçün bir nümunədir. Bu münasibətlər Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktorudur”, o qeyd edib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iki ölkə arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.
O, ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini deyib. Bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirib və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd edib.
Sergey Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib. Görüşdə “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan+Türkiyə, Rusiya, İran) formatında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Forum