Accessibility links

Təhlilçilər İranın qonşuluq siyasətində Azərbaycanın mühüm yer tutduğunu bildirir


Mesud Pezeşkiyan
Mesud Pezeşkiyan

İranın yeni seçilmiş Prezideni Məsud Pezeşkiyanın qonşularla, xüsusilə Azərbaycanla siyasitində hansı yeni nüanslar olacağı diqqət mərkəzindədir. O və İranın ali dini lıderi Əli Xamenei qonşulala münasibətinin prioritet təşkil edəcəyini bəyan edib.

Bu mənada Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iyulun 30-da İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

Baş nazir Əli Əsədov Tehrana səfər edib (Mənbə: Nazirlər Kabineti)
Baş nazir Əli Əsədov Tehrana səfər edib (Mənbə: Nazirlər Kabineti)

İranın ali dini rəhbəri iyulun 28-də Məsud Pezeşkiyanı rəsmi olaraq prezident kimi təsdiqləyərək, islahatçı siyasətçinin ölkəyə rəhbərlik etməsinə icazə verib.

Ayətullah Əli Xamenei mərasim zamanı Pezeşkiyanı qonşuları, Afrika və Asiya ölkələrini və Tehranın xarici əlaqələr siyasətində İranı “dəstəkləyən və yardım edən” ölkələri prioritetləşdirməyə çağırıb.

Məsud Pezeşkiyan isə iyulun 13-də Tehran Times nəşrində dərc olunan məqaləsində bildirib ki, onun rəhbərliyi altında olan komanda qonşularla münasibətlərin möhkəmləndirilməsinə üstünlük verəcək.

“Biz tək bir ölkənin digərləri üzərində hegemonluq və dominantlıq ardınca getdiyi bir bölgədənsə, “güclü region”un yaradılmasını müdafiə edəcəyik. Qətiyyətlə inanıram ki, qonşu və qardaş xalqlar öz dəyərli resurslarını eroziyaya səbəb olan yarışlara, silahlanma yarışlarına və ya bir-birini əsassız olaraq ələ keçirməyə sərf etməməlidirlər. Əvəzində biz resurslarımızı hamının xeyrinə regionun tərəqqisinə və inkişafına sərf edə biləcəyimiz bir mühit yaratmağı hədəfləyəcəyik. İqtisadi əlaqələrimizi dərinləşdirmək, ticarət əlaqələrimizi gücləndirmək, müştərək müəssisə investisiyalarını təşviq etmək, ortaq problemlərin həlli üçün Türkiyə, Səudiyyə Ərəbistanı, Oman, İraq, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və regional təşkilatlarla əməkdaşlığı səbirsizliklə gözləyirik. Regionumuz çox uzun müddətdir ki, müharibə, məzhəb qarşıdurmaları, terrorizm və ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, su qıtlığı, qaçqın böhranları, ətraf mühitin pozulması və xarici müdaxilələrlə üzləşib. Gələcək nəsillərin rifahı üçün bu ümumi problemləri həll etməyin vaxtıdır. Regional inkişaf və tərəqqi naminə əməkdaşlıq bizim xarici siyasətimizin rəhbər prinsipi olacaqdır”, o qeyd edib.

Bu arada Azərbaycan və İran Prezidentləri İlham Əliyev və Məsud Pezeşkiyan bir-birini ölkəsinə səfərə dəvət edib.

Bu barədə razılıq iyulun 9-da Azərbaycan və İran Prezidentlərinin telefon danışığı zamanı əldə edilib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, İran Prezidenti gələcəkdə də iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

“Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar”, mətbuat xidmətinin məlumatında qeyd edilir.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə Amerikanın Səsinə deyib ki, Məsud Pezeşkiyanın xarici siyasət kursuna təsiri o qədər də güclü olmayacaq.

“İranın xarici siyasət kursunun müəyyən edilməsi ali dini rəhbərin səlahiyyətlərinə aiddir. Onun həyata keçirilməsinə isə qiyməti İran İslam İnqilabı Keçikçiləri Korpusu verir. Onlar da xarici siyasətin prezidentin səlahiyyət dairəsinə daxil olmasına imkan verməzlər. Təbii ki, İbrahim Rəisi də də, ondan əvvəlki prezidentlər də ali dini rəhbərin çəkdiyi dairə çərçivəsində xarici siyasətlə məşğul olublar”.

Əlizadə eyni zamanda düşünür ki, yeni prezident Pezeşkiyan Türkiyə, Azərbaycan və Türkmənistanla münasibətləri yaxşılaşdırmağa çalışacaq.

“O çalışacaq ki, Rusiya ilə münasibətlər də davam etsin. Çünki bu, ölkənin təcrid məkanından çıxmasına imkan verir. Amma, İranın öz qonşuları ilə münasibətləri yaxşılaşdımaq ali dini rəhbərin və onun ətrafında olanların səlahiyyətindədir”, o qeyd edib.

Azərbaycanla münasibətlərə gəlincə, Əlizadə ümid edir ki, bu münasibətlərin yaxşılaşması Azərbaycan üçün çox vacibdir.

“Bu İrana da təcrid məkanından çıxmağa kömək edə bilər. İran daxili siyasətini sabitləşdirmək üçün Azərbaycanla münasibətlərin yaxşılaşdırlması çox vacibdir. İran azərbaycalılarının Azərbaycan Respublikasına münasibəti müsbət mənada xeyli dəyişib. Onlar Azərbaycan Respublikasına rəğbətlə yanaşırlar. Əgər İran dövləti Azərbaycanla münasibətləri yaxşılaşdırsa bu İranın daxili ziddiyyətləinin sabitləşməsinə kömək edə bilər”, politoloq belə düşünür.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə İranın yeni prezidentinin dövründə qonşularla münasibətdə yeni nüanslar barədə deyib ki, ümumilikdə İranda azərbaycan əsilli Məsud Pezeşkiyanın prezident seçilməsi Azərbaycan Respublikasında böyük gözləntilər yaradıb.

“Təbrizin 17 il İran parlamentində millət vəkili, parlamentdə türk fraksiyasının üzvü, üstəgəl parlamentdə keçmiş çıxışlarında İran hökumətinin Türkiyə və Azərbaycana qarşı siyasətini tənqid etməsi gözləntilər yaradır ki, Pezeşkiyan Azərbaycanla münasibətləri normallaşdıracaq, inkişaf yolunu tutacaq, ortaq layihələr reallaşacaq. Bunlara müəyyən ümidlər var”, o qeyd edib.

Siyasi təhlilçinin fikrincə, Pezeşkiyan prezident seçildikdən sonra Azərbaycan Prezindenti İlham Əliyev də müsbət addım atıb.

“İranın keçmiş hakimiyyəti dövründə helikopter qəzasında həlak olan keçmiş xarici işlər naziri Azərbaycandan dəfələrlə xahiş edirdi ki, İranda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa edilsin. O zaman təhülksizlik səbəblərindən səfirliyin fəaliyyəti bərpa edilmədi. Amma, Pezeşkiyan prezident seçildikdən sonra səfirlik fəaliyyətini bərpa etdi. Bu da Azərbaycan tərəfinin bir jesti idi. Həm də Prezident İlham Əliyev Pezeşkiyanı birinci təbrik edənlərdəndir”, o qeyd edib.

Təhlilçi həmçinin xatırladıb ki, İran konstitusiyasına görə prezidentin xarici siyasət kursunun müəyyən edilməsində o qədər də böyük rolu yoxdur.

“Prezident xarici siyasətdə hər hansı addım atanda gərək ali dini rəhbərlə və hətta İslam İnqilabı Keçikçiləri Korpusu ilə razılaşdırsın. Bu iki qurumdan isə Azərbaycan hələ də təhdidlər alır. Amma, yenə də Pezeşkiyan müəyyən səlahiyyətləri çərçivəsində, İranın ali dini lideri də qonşularla münasibətlərin normallaşması tərəfdarıdırsa, onda Pezeşkiyanın Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün müəyyən manevr imkanları olacaq”.

Şahinoğlu hesab edir ki, Azərbaycan Teheranda səfirliyinin diplomatik fəaliyyətini bərpa edibsə, qarşılıqlı addım da gözləyir.

“Bu addım Almaniyada təhsil alan azərbaycanlı tələbənin (söhbət Fərid Səfərlidən gedir - red) Tehranda həbsdən azad edilməsi ola bilər. Çünki o qanunsuz olaraq İranda həbs edilib. Onun həbsdən azad edilməsi qarşılıqlı bir addım olardı. Keçmiş Azərbaycan vətəndaşlarından ibarət (söhbət Azərbaycan hüquq mühfizə orqanları tərəfindən axtarışda olan İranda məskunlaşan Rufulla Axundzadə və digərlərindən gedir - red) İranda təxribatçı qrup var. Onlar Azərbaycana qarşı təxribatlarla məşğuldur. Düzdür onlar İran İslam İnqilabı Keçikçilərinin nəzarətindədir. Amma, hər halda Pezeşkiyan anlada bilər ki, bu cür fəaliyyətlər iki ölkə arasında münasibətlərə zərərdir və ali dini liderin də elan etdiyi kimi qonşularla yaxşı münasibət siyasət kursuna ziddir. Azərbaycan Pezeşkiyanın bu istiqamətdə addımlar atacağını gözləyir”, o qeyd edib.

Çingiz Məmmədov
Çingiz Məmmədov

Siyasi tədqiqatçı, Vudro Vilson adına Alimlərin Beynəlxalq Tədqiqat Mərkəzinin məzunu Çingiz Məmmədov isə bir qədər əvvəl Amerikanın Səsinə bildirib ki, İran etnik azərbaycanlının hakimiyyətə gəlməsi vasitəsi ilə Azərbaycan Respublikasında olan mövqelərini gücləndirmək istəyir.

Onun sözlərinə görə İran Azərbaycanında çox sayda azərbaycanlıların olması bu iki ölkə arasındakı dinamikada özünü büruzə verir.

"Bunların bir-birinə təsiri var. Amma kimin kimə daha çox təsir etmək imkanı zaman-zaman dəyişir. Vaxt var idi ki, xüsusilə də SSRİ dağılandan sonra İranın islamçı təbliğatı Azərbaycan Respublikasında işləyirdi. Bilirik ki, Azərbaycanda iranpərəst ərazilər var idi, Azərbaycan mətbuatında, hərdən ictimai rəydə də iranpərəst mövqelər olurdu," deyən Məmmədov vurğulayıb ki, 44 günlük müharibə bu dinamikanı əks istiqamətə yönəldib və indi İran Azərbaycanında Azərbaycan Respublikasının təsirləri daha effektivdir. Ona görə, zənnimcə ola bilsin ki, İran rəhbərliyi, ali rəhbər Əli Xameneyi istəyir ki, bu namizədin seçilməsi ilə Azərbaycan Respublikasına təsir etsin," deyə Çingiz Məmmədov qedy edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG