Accessibility links

Ceyhun Bayramov: Biz İranla münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik


Ceyhun Bayramov
Ceyhun Bayramov

"Yeni Prezident fəaliyyətə başladıqdan sonra biz münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yerli jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır.

"İran bizim böyük qonşumuzdur. Ölkələrimiz arasında tarixi əlaqələr mövcuddur. Gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək", Ceyhun Bayramov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiana təbrik məktubu göndərib.

Dövlət başçısı Azərbaycan ilə İran arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Siyasi şərhçi Aqşin Kərimov Amerikanın Səsinə müsahibəsində bildirib ki, İranda kimin prezident olmasından asılı olmayaraq ciddi dəyişiklik gözlənilmir.

Təhliçinin fikirlərinə görə, İran region ölkəsidir. Azərbaycanla hədsiz dərəcədə gərginlik ona sərf etmir.

“Eyni zamanda bu Azərbaycanın da maraqlarına uyğun deyil. Başqa nöqteyi nəzərdən Rusiyanın da marağı olduğu Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycan tranzit ölkədir. Azərbaycandan keçməklə Rusiya İran vasitəsilə öz mallarını beynəlxalq arenaya çıxarmaq istəyir. Bu, Rusiya üçün alternativ nəfəslikdir. Ona görə də Rusiya İran və Azərbaycan arasındakı gərginliyin hədsiz dərəcədə olmasında maraqlı deyil. Moskva Bakı və Tehran arasında üzdə görünməyən vasitəçilik səyləri ilə müəyyən barışığa nail olub. Eyni zamanda onu da düşünmək lazımdır ki, Azərbaycanla İran arasındakı gərginlik, hər hansı bir müharibə ritorikası ABŞ-ın maraqlarına da cavab vermir. Bununla belə ABŞ Azərbaycan-İran gərginliyində Azərbaycanın maraqlarını həmişə müdafiə edib. Bundan sonra da müdafiə edəcək. Mən düşünürəm ki, gələcəkdə Rusiya-İran-Azərbaycan əməkdaşlığı qərbdə bir qısqanclıq yarada bilər. Amma bununla belə düşünürəm ki, NATO, ABŞ Azərbaycanı heç zaman İranın ayağına verməz” , o bildirib.

İranın Seçki Komissiyasının rəhbəri Möhsün Eslami ikinci turda 16 milyon 384 min 403 seçicinin səs verdiyi islahatçı Məsud Pezeşkianın seçkilərdə qalib gəldiyini bildirib.

Etnik mənsubiyyət baxımdan Azərbaycan türkü olan Məsud Pezeşkianın seçki kampaniyası boyunca bir sıra fəallar azərbaycanlıların mədəni və dil hüquqlarının qorunmasına çağırıblar.

Pezeşkianın təşviqat mitinqinin keçirildiyi stadiona toplanan əhali “Azərbaycan bir kəlam, Pezeşkian vəssalam”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” kimi şüarlar səsləndiriblər.

Forum

XS
SM
MD
LG