Accessibility links

Məsud Pezeşkian seçici fəallığının aşağı olduğu deyilən İran prezident seçkilərinin ikinci turunda qalib gəlib


Məsud Pezeşkian. Tehran, İran. 5 iyul, 2024.
Məsud Pezeşkian. Tehran, İran. 5 iyul, 2024.

Keçmiş səhiyyə naziri Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərində nüvə danışıqlarında keçmiş vasitəçi olan Səid Cəliliyə qalib gəlib və o, vətəndaşları onu dəstəkləmələyə çağıraraq, Qərblə daha yaxından danışıqlar aparmağa, ölkənin sərt hicab qanununu yumşaltmağa və 2015-ci il nüvə sazişini bərpa etməyə söz verib.

Bir çox iranlı arasında 69 yaşlı ürək cərahının kampaniya vədlərini həyata keçirəcəyinə dair şübhələrin olduğu bildirilir. Belə ki, ali ruhani lider Ayətullah Əli Xamenei bütün dövlət məsələlərində güclü nəzarətə malikdir, İslam Respublikasının ali rəhbəridir və sərt xətt tərəfdarları tərəfindən əhatə olunub.

Pezeşkianı həmçinin İsrailin Qəzza zolağında HƏMAS-la, eləcə də Hizbullahla davam edən müharibəsi, habelə Tehranın uranı silah səviyyəsində zənginləşdirdiyinə dair qorxular fonunda məhdud məqsədilərinə çatmaq üçün çətin və uzun bir yol gözləyir.

İran rəsmiləri bildirib ki, Pezeşkian seçkilərdə 16.3 milyon səslə qalib gəlib. Müqayisəsə Cəliliyə 13.5 milyon insan səs verib. İranın Daxili İşlər Nazirliyi bildirib ki, cümə günü beynəlxalq səviyyədə tanınan müşahidəçilərin iştirakı olmadan keçirilən seçkidə 30 milyondan çox insan səs verib.

Ölkə daxilində müşahidəçilər deyib ki, səsvermə hüququ olanların əksəriyyəti səsverməyə getməyib.

Dövlət Departamentinin normal təcrübəsinə əsasən, adının açıqlanmaması şərtilə danışan ABŞ Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinin Fars Xidmətinə deyib ki, İranda seçkilər “nə azad, nə də ədalətlidir” və “iranlıların əhəmiyyətli bir hissəsi ümumiyyətlə iştirak etməməyi seçib.”

“Bizim bu seçkilərin İranın tutduğu istiqamətdə və ya vətəndaşların insan hüquqlarına hörmətdə fundamental dəyişikliyə gətirib çıxaracağına dair gözləntimiz yoxdur,” sözçü deyib. “Namizədlərin özlərinin dediyi kimi, İranın siyasətini ali ruhani lider müəyyən edir.”

“Seçkilərin bizim İrana qarşı mövqeyimizə də əhəmiyyətli təsiri olmayacaq. Bizim İranın davranışı ilə bağlı narahatlıqlarımız dəyişməz olaraq qalır. Eyni zamanda isə biz Amerika maralqarını müdafiə etdiyi zaman diplomatiyaya sadiq qalırıq,” sözçü bildirib.

Amerikanın Səsinin Fars Xidmətinə göndərilən videolarda boş səsvermə məntəqələri əks olunub və İranda bir sıra şahidlər və vətəndaş jurnalistləri seçici fəallığının aşağı olduğunu deyib.

Mərhum Prezident İbrahim Rəisinin varisini müəyyən etmək üçün seçkinin ikinci raundu Tehran, Əhvaz və Rəşt daxil olmaqla bəzi şəhərlərdə internet kəsintilərinə dair xəbərlərin yayıldığı bir vaxt keçirilib.

Eteraz Madani Bazar Telegram kanalının məlumatına görə, bir neçə şəhər, o cümlədən Əhvaz və Rəştdə internet kəsilib, paytaxt Tehran kimi başqa şəhərlərdə isə internetin sürəti kəskin azaldılıb.

Bəzi sosial media istifadəçiləri bu addımın boş səsvermə məntəqələri ilə bağlı xəbərlərin və şəkillərin yayılmasının qarşısını almaq üçün atıldığını ehtimal edirdilər.

Daxili İşlər Nazirliyi bildirib ki, ilkin məlumatlar cümə günü seçici fəallığının təxminən 50 faiz olduğunu göstərir ki, bu da səsvermənin iyunda keçirilən ilk raundundan daha yüksəkdir.

İslam Respublikasının elan etdiyi statistikaya əsasən, səsvermənin ilk raundunda seçici fəallığı təxminən 40 faiz olub. Bu, İranda 1979-cu il İslam İnqilabından bəri ən aşağı seçici fəallığıdır.

“Aşağı fəallığa baxmayaraq, [Ali ruhai Ayətullah Əli] Xamenei xarici auditoriya üçün ölkə daxilində saxta rəqabət illüziyası yaratmaqda nisbətən müvəffəq oldu,” ABŞ-da qərargahlanan Nüvə Gücü Olan İrana Qarşı Birlik qrupundan Kasra Aarabi deyib.

ABŞ hökuməti deyir ki, İran seçkləri nə azad nə ədalətlidir, çünki idarəçilər Xameneiyə kifayət qədər sadiq olmayan namizədləri diskvalifikasiya edirlər.

Aarabi deyib ki, Pezeşkian ilə Cəlili arasında “heç bir mənalı fərq yoxdur” “çünki bütün strateji siyasəti Xamenei müəyyən edir.”

61 milyondan çox 18 yaşından böyük iranlı prezident seçkisində səsvermə hüququna malik olub. Səsvermənin cümə günü yerli vaxtla axşam saat 6-da başa çatacağı gözlənilirdi, ancaq seçici fəallığını artırmaq üçün gecə yarısına qədər uzadılıb.

May ayında helikopter qəzasında həlak olan Rəisi Xameneinin potensial xələfi olaraq görülürdü.

Forum

XS
SM
MD
LG