Accessibility links

İranda prezident seçkiləri ikinci tura qaldı, ilk turda ən çox səsi Məsud Pezeşkian toplayıb


Məsud Pezeşkiyan və Səid Cəlili
Məsud Pezeşkiyan və Səid Cəlili

İranda birinci turda prezident seçkilərinin nəticələrinin açıqlanması ilə Təbrizdən olan millət vəkili Məsud Pezeşkianın ən çox səs topladığı bəlli olub. Pezeşkiyan ikinci turda ikinci yeri tutan Səid Cəlili ilə yarışacaq.

Rəsmi dövlət agentliyi İRNA-nın ölkənin seçki qərargahının sözçüsünə istinadən yaydığı açıqlamalara görə, ölkədə sandığa salınan 24,535,185 səsdən Məsud Pezeşkian 10,415,991 səs (42.45 faiz) toplayaraq, Sədid Cəlili isə 9, 473,298 səslə (38.61 faiz) ikinci turda yarışmağa haqq qazanıblar.

İRNA ölkədə ümumi seçici fəallığının 40 faiz olduğunu bildirib.

İranda prezident İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölümündən sonra keçirilən növbədənkənar prezident seçkiləri üçün 6 siyasətçinin namizədliyi nəzarət şurası tərəfindən təsdiqlənmişdi.

Namizədlərdən Əlirza Zakani və Əmirhüseyn Qazizadə Haşiminin seçkilər günündən əvvəl kənara çəkilmələri ilə, cümə günü keçirilən seçkilərdə yarış yeganə islahatçı namizəd Məsud Pezeşkian və üç mühafizəkar namizəd Səid Cəlili, Məhəmmədbağır Qalibaf və Mustafa Purməhəmmədi arasında keçib.

Seçkilərin ikinci turu cümə günü iyul ayının 5-də keçiriləcək.

Qeyri-rəsmi açıqlamalara görə, Məsud Pezeşkian ən çox səsi İran Azərbaycanı başda olmaqla türklər eləcə də, qeyri-fars və qeyri-şiə icmaların yaşadığı vilayətlərdən toplayıb.

Təbrizin islahatçı millət vəkili və keçmişdə İran Parlametində yaradılmış Türk Bölgələri Fraksiyasının təsisçi başqanı Məsud Pezeşkianın namizədlər arasında olması seçkilərdən öncəki həftələrdə İran Azərbaycanında siyası atmosferi keçən dönəmə görə daha hərəkətləndirmişdi.

Pezeşkian seçki kampaniyaları dönəmində bir çox kəsim tərəfindən bölücü, pan-türkist və federalçı kimi ləqəblərlə günahlandırıldı. O, dövlət televiziyasında qatıldığı proqramda belə “pan-türkist tərəfdarları” ilə əlaqədar suallarla qarşılaşıb. Azərbaycan Milli Hərəkatına mənsub qüvvələr arasında seçimləri boykot etməyə çağıranlar olsa da, hərəkatın daha böyük bir qismi sandığa gedən türklərin Pezeşkiana səs verməsini dəstəkləyib.

Məsud Pezeşkian və Səid Cəlili sabahdan etibarən ikinci tur üçün seçki kampaniyalarını davam etdirəcəklər. Ekspertlər ikinci turda namizədlər və onların tərəfdarları arasında daha sərt mübahisələrin keçirilməsini gözləyirlər.

Forum

XS
SM
MD
LG