Accessibility links

Səməd Purmusəvi: Sandığa gedən türklər İran hakimiyyətinə deyil, öz arzularına və Azərbaycana səs verəcəklər


Səməd Purmusəvi
Səməd Purmusəvi

Təbrizin islahatçı millət vəkili Məsud Pezeşkiyanın İranda qarşıdan gələn növbədənkənar prezident seçkilərinə namizədliyinin Nəzarət Şurası tərəfindən təsdiqlənməsi İran Azərbaycanı və Tehranda türk icması arasında siyasi fəallığın yüksəlməsinə yol açıb.

Amerikanın Səsinə danışan siyasi fəal və araşdırmaçı Səməd Purmusəvi hesab edir ki, qarşıdan gələn prezident seçkilərində “sandığa gedən türklər İslam Respublikası nizamına və ya hətta Pezeşkiyanın özünə deyil, Azərbaycana və öz arzularına səs verəcəklər.”

Səməd Purmusəvi: Sandığa gedən türklər İran hakimiyyətinə deyil, öz arzularına və Azərbaycana səs verəcəklər
please wait

No media source currently available

0:00 0:11:38 0:00

Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vilayətləri keçmiş seçkilərdə İranda seçki fəallığının ən aşağı olduğu vilayətlər arasında yer alıblar. Buna görə, Məsud Pezeşkiyanın namizədliyi ilə türklər arasında siyasi fəallığın əhəmiyyətli dərəcədə artması Azərbaycan Milli Hərəkatına mənsub fəallar arasında da fərqli əks-səda doğurub.

“Pezeşkiyan çox yönlü biridir. Mənfi yönünü desəm əgər, Vilayət Fəqih (ali dini lider) sisteminə, hakim nizama bağlı birisidir, yəni, çox güclü bir mövqedədir. Müsbət yönü də odur ki, hakimiyyət içində belə ədalətsizliyin olduğuna inanır. O həm də həmişə türklərə və marginallaşdırılmış xalqlara qarşı ədalətsizliyin daha güclü olduğunu vurğulayır. Şəxsi həyatında etnik ayrı-seçkilikdən əziyyət çəkmiş birisidir. Uzun siyasi təcrübəsi var,” Səməd Purmusəvi deyib.

Siyasi fəal hesab edir ki, Məsud Pezeşkiyanın keçmişdəki fəaliyyətləri və açıqlamaları nəzərə alındıqda İran Azərbaycanındakı mövcud hərəkətliliyi anlamaq çətin deyil.

“Pezeşkiyan hakimiyyətə nə qədər sadiq olsa da, Azərbaycana bağlılığı var. Türklüyə bağlılığı var. Yəni, məsələn, işlərindən ən önəmlisi məclisdə Türk Fraksiyasının yaradılması idi. O fraksiyanı elə yaratmışdılar ki, sanki türklərin İranda paylaşım xəritəsini çəkiblər. Yəni, biri bir zaman bu fraksiyanı tədqiq etsə, yüzillər ilə inkar edilmiş türklərin İran ərazisində necə səpələndiyini və onların yaşadığı bölgələri tanıya bilər. Bu, dövlətin rəsmi sənədlərinə yerləşdi. Yəni, türklük yüz ilə yaxın universitetlərdə, elmi mərkəzlərdə və rəsmi siyasi sahədən silinsə də bu qədər inkardan sonra Pezeşkiyan və başqa bir neçə türk nümanyəndəsi vasitəsi ilə birdən məclis kimi dövlətin rəsmi orqanından dirçəlir... Yəni, bütün bunları düşünərək Azərbaycanın bu seçimlərdəki hərəkətliliyini anlamaq çox çətin deyil.”

Purmusəvi qarşıdan gələn seçkilərdə İran Azərbaycanı və ya Tehranda sandığa gedən “türklərin İslam Respublikasına və ya hətta Pezeşkiyanın özünə deyil öz arzularına və Azərbaycana səs verəcəklərini” önə çəkir.

“Türklər hakimiyyətə, ya seçki prosesinin düzlüyünə inandıqları üçün deyil ki səs verirlər. Əslində öz arzularına səs vermək istəyirlər. Hətta bu dəfə Pezeşkiyana belə o saydığım xüsusiyyətlərindən kənar səs vermirlər. Onlar Azərbaycana səs vermək istəyir. Türklər bu hakimiyyətin gələcəyinə və başqa səbəblərə görə deyil, Pezeşkiyanın türk olduğuna görə və məsələlərinin dirçəlməsinə görə səs verirlər. Hamımız bilirik ki, heç kəs bu sistem içində böyük bir dəyişiklik yarada bilməyəcək. Amma indi o xüsusiyyətlərə sahib bir türkün namizəd olması ilə birlikdə bu hərəkətlilik onu göstərir ki, bu millət yüz il türkün inkarı ilə məşğul olanlara yox demək istəyir. Bir çox insan da deyir ki, mən özüm səs verməyəcəm amma, səs verənləri Pezeşkiyana səs verməyə çağıracağım. Çünki o bizim məsələləri tanıyır. Yəni, bu paradoksun kökünü o dərdlərin böyüklüyündə görmək lazimdir,” siyasi fəal bildirib.

Səməd Purmusəvinin sözlərinə görə, İran Azərbaycanında artan siyasi fəallıq bir tərəfdən də toplumun siyasi aşınmaya uğramasına mane olar.

“Azərbaycanda siyasi hərəkətlilik mərkəz tərəfindən öldürülüb. Uzun zamandır çalışıblar ki, Azərbaycandakı o siyasi ağırlığı alsınlar. O dirilə bilər. Azərbaycandakı o siyasi fəza yenidən canlanar. Toplumda hərəkətlilik olmayanda toplumun özü içəridən aşınmaya uğrayır.. Elə düşünürəm ki, bu hərəkətliliyin xeyri ziyanından çoxdur” - deyə, Purmusəvi əlavə edib.

Forum

XS
SM
MD
LG