Accessibility links

Babək Çələbiyanlı: Məsud Pezeşkiyan bundan əvvəlki prezident namizədlərindən çox fərqlidir


Babək Çələbiyanlı, siyasi fəal
Babək Çələbiyanlı, siyasi fəal

İranda prezident İbrahim Rəisinin ölümünün ardınca keçiriləcək olan prezident seçkilərində Təbriz millət vəkili Məsud Pezeşkiyanın namizədliyinin təsdiqlənməsi, Təbriz və Urmiyə başda olmaqla, İran Azərbaycanında siyasi fəallığın artmasına səbəb olub.

Babək Çələbiyanlı: Məsud Pezeşkiyan bundan əvvəlki prezident namizədlərindən çox fərqlidir
please wait

No media source currently available

0:00 0:12:02 0:00

Siyasi fəal Babək Çələbiyanlı Amerikanın Səsi ilə söhbətində bildirib ki, o hesab edir ki, keçmiş seçkilərdə İran Azərbaycanında seçkiləri boykot edən bəzi siyasi fəallar belə Məsud Pezeşkiyanın namizədliyini öz hədəfləri yönündə dəyərləndirməyə çalışırlar.

“Məsud Pezeşkiyanı söyləmləri ilə daha çox reformçular arasında yerləşdirmək olar. Amma, onun burada reformçuluqdan daha çox bir türk kimliyi var, Azərbaycan kimliyi var. Onun üçün də indi görürük ki, buna həm İranın tamamında, həm də özəlliklə Güney Azərbaycanda fərqli yanaşmalar var,” Çələbiyanlı söyləyir.

İran Azərbaycanının xüsusilə üç sərhəd vilayəti olan Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəb keçmiş seçkilərdə İranın seçki fəallığının ən aşağı olduğu vilayətlər arasında yer alıblar. Həmin vilayətlərdə yenə də qarşıdan gələn seçkiləri boykot etməyə dair çağırışlar var. Ancaq, Məsud Pezeşkiyanın namizədliyi İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə türk icması arasında siyasi fəallığın əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Babək Çələbiyanlının sözlərinə görə, bu hərəkətliliyin səbəbini Məsud Pezeşkiyanın keçən təqribən 20 ildəki fəaliyyətləri və açıqlamalarında axtarmaq lazımdır.

“Keçmiş dönəmlərdə seçkilərə qatılmayan Güney Azərbaycanda nisbi bir hərəkətlilik var. Niyə Güney Azərbaycanda bu hərəkətliliyə şahidik? Məsud Pezeşkiyan öz şəxsiyyəti və Azərbaycanda tanınması etibarı ilə bundan öncəki [prezidentliyə] namizədlərdən çox fərqlidir. Birincisi, Azərbaycanda doğulub və böyüyüb. 17 ildir Təbrizin millət vəkilidir. Bununla yanaşı milli məsələlər üzrə hər zaman bir mövqeyi və çıxışı olub və qeyri-fars icmalarının haqlı istəklərini dilə gətirib.”

Siyasi fəal Məsud Pezeşkiyanın millət vəkilliyi dönəmlərindəki açıqlamalarına diqqət çəkərək əlavə edib ki, “Pezeşkiyan türk dilinin rəsmi olması istəyinə dəstək verib. İlk dəfə Türk Fraksiyası yaradıb. Fraksiya təhlükəsizlik orqanlarının basqısı ilə öz həyatına davam edə bilmədi. Ancaq, [yaranması] çox böyük bir olay idi. Məhsa Əmini olayında da demək olar ki, o, ilk millət vəkili idi ki, çıxdı açıq şəkildə höküməti qınadı və məsələyə şəffaflıq gətirilməsini istədi.”

Çələbiyanlı Pezeşkiyanın namizədliyinin İslam Respublikasının nəzarət şurası tərəfindən təsdiqlənməsinin təsadüfi olmadığını önə çəkir. Ancaq, onun fikrincə, ölkə daxilində fəaliyyət göstərən bəzi milli fəallar da Pezeşkiyanın namizədliyini öz hədəfləri yönündə dəyərləndirməyə çalışırlar.

Forum

XS
SM
MD
LG