Accessibility links

Azərbaycan və İran prezidentləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib


Azərbaycan prezidenti İlham Əliyev (Foto: Azərbaycan Prezident Administrasiyası)
Azərbaycan prezidenti İlham Əliyev (Foto: Azərbaycan Prezident Administrasiyası)

Azərbaycan və İran Prezidentləri İlham Əliyev və Məsud Pezeşkian bir-birini ölkəsinə səfərə dəvət edib. Hər iki prezident dəvəti qəbul edib.

Bu barədə iyulun 9-da Azərbaycan və İran Prezidentlərinin telefon danışığı barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, İran Prezidenti gələcəkdə də iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

“Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar,” mətbuat xidmətinin məlumaında qeyd edilir.

Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiana təbrik məktubu göndərib.

Məsud Pezeşkiyan
Məsud Pezeşkiyan

Etnik mənsubiyyət baxımdan Azərbaycan Türkü olan Məsud Pezeşkianın seçki kampaniyası boyunca bir sıra fəallar azərbaycanlıların mədəni və dil hüquqlarının qorunmasına çağırıblar.

Pezeşkianın təşviqat mitinqinin keçirildiyi stadiona toplanan əhali “Azərbaycan bir kəlam, Pezeşkian vəssalam”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” kimi şüarlar səsləndiriblər.

Siyasi tədqiqatçı, Vudro Vilson adına Alimlərin Beynəlxalq Tədqiqat Mərkəzinin məzunu Çingiz Məmmədov Amerikanın Səsinə bildirib ki, İran etnik azərbaycanlının hakimiyyətə gəlməsi vasitəsi ilə Azərbaycan Respublikasında olan mövqelərini gücləndirmək istəyir.

Onun sözlərinə görə İran Azərbaycanında çox sayda azərbaycanlıların olması bu iki ölkə arasındakı dinamikada özünü büruzə verir.

"Bunların bir-birinə təsiri var. Amma kimin kimə daha çox təsir etmək imkanı zaman-zaman dəyişir. Vaxt var idi ki, xüsusilə də SSRİ dağılandan sonra İranın islamçı təbliğatı Azərbaycan Respublikasında işləyirdi. Bilirik ki, Azərbaycanda iranpərəst ərazilər var idi, Azərbaycan mətbuatında, hərdən ictimai rəydə də iranpərəst mövqelər olurdu," deyən Məmmədov vurğulayıb ki, 44 günlük müharibə bu dinamikanı əks istiqamətə yönəldib və indi İran Azərbaycanında Azərbaycan Respublikasının təsirləri daha effektivdir.

"Ona görə, zənnimcə ola bilsin ki, İran rəhbərliyi, ali rəhbər Əli Xameneyi istəyir ki, bu namizədin seçilməsi ilə Azərbaycan Respublikasına təsir etsin," deyə Çingiz Məmmədov eyni zamanda İrandakı etnik azərbaycanlıların milli hisslərində oyanışın daha intensiv xarakter ala biləcəyini istisna etməyib.

Forum

XS
SM
MD
LG