Accessibility links

ABŞ yeni prezidentin dönəmində İranın siyasətində dəyişiklik gözləmir


İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian

Birləşmiş Ştatlar bazar ertəsi seçicilərin islahatçı namizəd Məsud Pezeşkianı seçməsindən sonra İrandan siyasət dəyişikliyini gözləmədiyini və dialoqu bərpa etmək şanslarının aşağı olduğunu bildirib.

"Bizim bu seçkilərin İranın kursu və ya siyasətində köklü dəyişikliyə səbəb olacağına dair heç bir gözləntimiz yoxdur", Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə deyib.

Miller bildirib ki, 1979-cu il İslam İnqilabından bəri ABŞ-ın rəqibi olan İranda qərarları ali dini rəhbər Ayətullah Əli Xameneyinin verəcəyi gözlənilir.

"Aydındır ki, əgər yeni prezidentin İranın nüvə proqramını məhdudlaşdırmaq, terrorizmi maliyyələşdirməyi dayandırmaq, regionda sabitliyi pozan fəaliyyətləri dayandırmaq kimi səlahiyyəti olsaydı, bu, bizim alqışlayacağımız addımlar olardı" - deyə, Miller bildirib.

"Lakin bunun baş verə biləcəyinə dair heç bir gözləntimiz yoxdur", Miller deyib.

Pezeşkianın seçilməsindən sonra ABŞ-ın ən azı İranla diplomatiyanı yenidən bərpa etməyə hazır olub-olmaması ilə bağlı suala Miller belə cavab verib: "Biz həmişə demişik ki, İranın nüvə proqramı ilə bağlı effektiv və davamlı həllə nail olmaq üçün diplomatiya ən təsirli yoldur".

Lakin Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbidən ABŞ-ın İranla nüvə danışıqlarını bərpa etməyə hazır olub-olmadığını soruşduqda o, qəti şəkildə "xeyr" deyib.

"Biz bu adamın nə etmək istədiyini görəcəyik. Lakin İranın davranışında hər hansı dəyişiklik gözləmirik" -deyə, Kirbi bildirib.

Prezident Co Bayden 2021-ci ildə vəzifəsinə keçmiş prezident Barak Obama dövründə 2015-ci ildə İranla imzalanmış, lakin varisi Donald Tramp tərəfindən başa çatdırılan və İrana qarşı geniş sanksiyalar tətbiq edilən nüvə sazişinə qayıtmaq ümidi ilə başlayıb.

Lakin Avropa İttifaqı vasitəsilə aparılan danışıqlar ABŞ-ın İrana qarşı sanksiyalarını nə dərəcədə aradan qaldıracağı ilə bağlı mübahisəyə görə qismən pozulub.

Münasibətlər oktyabrın 7-də İrandan dəstək alan HƏMAS-ın ABŞ-ın müttəfiqi İsrailə hücumundan sonra daha da pisləşib.

Forum

XS
SM
MD
LG