Accessibility links

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi gələn ay keçiriləcək


Məsud Pezeşkian
Məsud Pezeşkian

İranın dövlət mediasının bazar günü bildirdiyinə görə, Məsud Pezeşkian İslam Respublikasının doqquzuncu prezidenti kimi avqust ayının əvvəlində parlament qarşısında and içəcək.

"Prezidentin andiçmə mərasimi avqustun 4-ü və ya 5-də keçiriləcək" - deyə, rəsmi İRNA xəbər agentliyi parlamentin prezidiumunun üzvü Müctəba Yusefiyə istinadən bildirib.

Məlumatda deyilir ki,"prezidentin təklif etdiyi nazirlərin parlamentdə etimad səsverməsinə təqdim etməsi üçün 15 gün vaxtı olacaq” .

İranın yeni seçilən prezidentləri rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl parlament qarşısında and içməlidir.

Andiçmə mərasimi seçilmiş prezident İslam Respublikasının ali dini rəhbəri tərəfindən rəsmi təsdiqini aldıqdan sonra keçirilir.

İran prezidenti dövlət başçısı deyil və ən yüksək səlahiyyətə ali dini lider malikdir. Son 35 ildir bu vəzifəni Ayətullah Əli Xameneyi tutur.

Pezeşkian may ayında helikopter qəzasında həlak olan prezident İbrahim Rəisini əvəz etmək üçün keçirilən seçkilərin ikinci turunda ultra-mühafizəkar Səid Cəliliyə qalib gəlib.

69 yaşlı islahatçı 16 milyondan çox, təxminən 54 faiz, Cəlili isə verilən 30 milyon səsdən 13 milyondan çox, təxminən 44 faiz səs toplayıb.

Seçkilər üzrə rəsmi nümayəndə Möhsün İslami ilk turda seçici fəallığının rekord aşağı 40 faiz olduğu halda, ikinci turda 49,8 faiz təşkil etdiyini bildirib.

Bazar günü İran qəzetləri ilk səhifələrində Pezeşkianın fotolarını dərc edərək, seçilmiş prezidentin rəhbərliyi altında "birliyə" çağırıb.

Forum

XS
SM
MD
LG