Accessibility links

Təbriz millət vəkili: Şərqi Azərbaycan son on ildə geriləyib


Təbriz, Şərqi Azərbaycan valiliyi
Təbriz, Şərqi Azərbaycan valiliyi

Təbriz əhalisinin İran parlamentindəki nümayəndəsi Əlirza Novin İran mətbuatına açıqlamasında həmin vilayətin son on ildə infrastruktur baxımından geri qaldığını bildirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əlirza Novin Şərqi Azərbaycan vilayətinin millət vəkilləri heyətinin sədri seçilib. Bu vilayəyin millət vəkilləri iclasından sonra, o, mətbuata vilayətin inkişafının vəziyyəti haqqında məlumat verib. Novinə görə, bu vilayət son on ildə bəzi göstəricilərdə geriləyərək 15-16-cı sıralara düşüb. İran mətbuatı vilayətin hansı göstəricilərdə geri qaldığı barədə ətraflı məlumat dərc etməyib.

Bununla belə, Əlirza Novin, Məsud Pezeşkianın prezident seçilməsi ilə vilayətdə “yaxşı addımların” atılacağına ümid etdiyini bildirib.

O, həmçinin bildirib ki, Şərqi Azərbaycan vilayətinin millət vəkilləri vilayətin inkişafı ilə əlaqədar məsələləri müzakirə etmək üçün gələcəkdə prezidentlə, həmçinin hökumət kabineti üzvləri ilə görüş keçirməyi planlaşdırırlar.

Məsud Pezeşkianın ölkə prezidenti seçilməsindən sonra Şərqi Azərbaycan vilayətinin inkişafı üçün şərait yaradılacağı ehtimalı ilə bağlı düşüncəni təkcə Əlirza Novin irəli sürməyib.

Bir müddət əvvəl, Kəleybər millət vəkili Behnam Rizvani də xalqın Pezeşkianın kabinetində bu bölgənin məşhur simalarından nazir və müavin seçiləcəyini gözlədiyini bildirmişdi.

Parlamentdəki Kəleybər xalqının millət vəkili Rizvani daha əvvəl də, Məsud Pezeşkianın hökumətindən Fars körfəzindən və habelə Qızqalası bəndindən suyun Urmiyə gölünə ötürülməsi, həmçinin Süngün mis mədəninin müstəqil olması və konsentrasiya zavodlarının inkişafı üçün lazımi tədbirlərin görülməsini tələb etmişdi.

Məsud Pezeşkian Təbrizdə keçirdiyi seçki mitinqində Süngün mis mədəninin müstəqil olması və Urmiyə gölünün canlandırılması ilə bağlı vədlər vermişdi. Süngün mis mədəninin müstəqil olması ilə kapitalın vilayətdən çıxarılmasının qarşısının alınacağı və vilayətin inkişafına böyük töhfə verə biləcəyi düşünülür.

İran Azərbaycanlılarının hökumətin kabinetində tribuna sahibi olmaları ilə bağlı gözləntiləri olsa da, digər tərəfdən ölkədə buna qarşı çıxanlar hesab edir ki, Pezeşkian kabinet üzvlərini təyin edərkən etnosentrizm adlandırdıqları yanaşmalardan yayınmalıdır.

Forum

XS
SM
MD
LG