İran Mis Şirkətinin maliyyə və iqtisadi müavini Hüseyn Təqəddüsi İran Milli Mis Sənayesi Şirkətinin illik iclasında bildirib ki, Azərbaycan Süngün Mis Şirkətinin yaradılması üçün heç bir tədbir görülməyib.
İran mediasında yayılan xəbərlərə əsasən, o, həmçinin bildirib ki, Süngün mis mədəninin müstəqilliyi deyilən bir şey əslində yoxdur.
İran Milli Mis Şirkətinin səlahiyyətlisi deyib ki, şirkətin fəaliyyətinin genişlənməsi ilə ölkə üzrə qərar qəbul etmək və bütün layihələri idarə etmək çətinləşib və bu şirkətdə desentralizasiyaya ehtiyac var.
"Bu şirkət bununla bağlı layihə səhmdar cəmiyyəti yaradıb. Bu kontekstdə biz yalnız komplekslərdəki fabriklərin fəaliyyətini 100%-i də Milli Mis Şirkətinin əlində olan özəl şirkətlərinə vermək istəyirik," səlahiyyətli əlavə edib.
Ötən ilin iyununda İran prezidenti İbrahim Rəisi Şərqi Azərbaycana səfəri zamanı Süngün mis mədənində olub, Azərbaycan Mis Şirkətinin yarandığını elan etmişdi. İran Milli Mis Şirkətinin maliyyə-iqtisadi müavini isə Rəisinin Azərbaycanda müstəqil mis şirkəti yaratmaq vədindən bir il ötdükdən sonra bununla bağlı heç bir tədbir görülmədiyini bildirib.
İran İslam Respublikasının rəsmi İRİB (İran Radio Televiziya Qurumu) xəbər agentliyi keçən il iyun ayında “Süngün misi müstəqil oldu” başlığı ilə yaydığı xəbərdə dövlətin icra işləri üzrə müavini, İbrahim Rəisiyə istinadən Süngün Mis Şirkətinin müstəqil fəaliyyətə başladığını elan etmişdi. Hal-hazırda, bir il bu hadisədən keçməsinə baxmayaraq, bu şirkətin yaradılması üçün heç bir tədbir görülmədiyi bildirilir.
Süngün mis mədəni Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərində yerləşir. İranın mis ehtiyatlarının böyük hissəsini özündə birləşdirən bu mədənin gəlirlərinin Şərqi Azərbaycan vilayətinə və Vərziqan şəhərinə ayrılması uzun illərdir ki, bölgə əhalisi tərəfindən tələb olunur.
Son illərdə Şərqi Azərbaycan vilayətində mis şirkətinin yaradılması və bu şirkətin İranın Milli Mis Şirkətindən müstəqil olması, desentralizasiya və məhsuldarlığın artırılması və bu mədəndən əldə olunan gəlirdən vilayətin daha çox faydalanması məqsədi ilə mübahisə edilir.
Bununla bağlı Vərziqan şəhərinin nümayəndəsi Allahverdi Dehqani "Yazeco" saytı ilə söhbətində bildirib ki, "təəssüf ki, Milli Mis Şirkəti bu mədəni şirkətə çevirmək istəmir. Çünki beləliklə onların əlində ixtiyar qalmaycaq. Hazırda Süngün mis mədəninin bütün işləri Tehrandan idarə olunur."
İran mediasında bəzi simalar, Süngün Mis Mədəni üçün başqa bir şirkətin yaradılmasına və onun İran Milli Mis Şirkətindən müstəqil şəkildə fəaliyyət etməsinə zəmin yaradılmasına müxalif qüvvələr, bunu konstitusiyaya zidd olduğunu irəli sürüb, ölkəyə zərər verici bir qərar olduğunu, ölkədə etnosentrizmə səbəb olacağını ifadə edirlər.
Əks cəbhədə isə İran parlamentindəki bəzi millət vəkilləri və eləcə də, güneyli fəallar hesab edirlər ki, ölkədəki mərkəziyyətçi siyasətlər İran Azərbaycanının sərmayəsnin bölgədən çıxmasına səbəb olur və Azərbaycan vilayətlərində mövcud olan resurslar həmin bölgənin inkişafı və rifahı üçün sərf edilmir.