İran İslam Respublikası prezidenti İbrahim Rəisinin Şərqi Azərbaycan vilayəti səfəri zamanı ölkənin yarısından çox mis ehtiyatlarına malik olan Süngün mədəninə gedərək Azərbaycan mis şirkətinin təsis edilməsi üçün sərəncam verib.
Xüsusilə son aylarda Süngün mis mədəni Şərqi Azərbaycan və Kirman vilayəti nümayəndələri arasında mübahisə obyektinə çevrilib. Lakin İbrahim Rəisinin müstəqil Azərbaycan mis şirkəti yaratmaq əmri bu barədə gedən mübahisələrə son qoymayıb. Sosial mediada mübahisələr davam edib.
Şərqi Azərbaycan vilayətinin bəzi nümayəndələri Süngün mis mədəninin gəlirlərindən vilayətə heç bir maliyyə mənbəyinin ayrılmadığını tənqid edərək, müstəqil Azərbaycan mis şirkətinin yaradılması üçün səy göstərdiklərini dilə gətirirdilər.
Təbriz millət vəkili Məsud Pezeşkiyan bir müsahibəsində vilayətin deputatlarında kifayət qədər iradə olmadığını, digər tərəfdən isə Kirman vilayətinin millət vəkillərinin sövdələşmə gücünün yüksək olduğunu irəli sürmüşdü.
Vilayətin millət vəkillərinin Azərbaycanda müstəqil mis şirkəti yaradılması tələbini Süngün mis mədəninin gəlirlərinin bir hissəsinin vilayət banklarında saxlanmalı və vilayət üçün xərclənməli olduğunu bildirirlər. Lakin bu məsələ ilə bağlı fikirlər eyni olmayıb.
Türkiyədə yaşayan siyasi fəal Elyar Kamrani İran hakimiyyətinin İran Azərbaycanında yerləşən ehtiyatları "talan etdiyini və Azərbaycan xalqının rifahı üçün sərf edilmədiyini"düşünür.
Azərbaycan Mərkəz Partiyasının mərkəzi şura üzvü İran prezidentinin Kirman vilayətindən kənar müstəqil mis şirkəti yaradılması üçün verdiyi əmrin azərbaycanlı milli fəalların mübarizələri nəticəsində baş tutduğunu irəli sürüb. Cənab Kamrani bu şirkətin əsl mənada Şərqi Azərbaycan üçün faydalı olacağını rədd edir. "Bir yandan bir yalançı şirkət yaratmaq istəyirlər ki, bütün gəlirləri mərkəzə, yəni Tehranın xəzinəsinə tökülsün, bir yandan isə özlərinə aid olan nümayəndələri açıqca Azərbaycanın talanmasından danışırlar ki, guya bizim millət xəbərsizdir, amma biz bunu bilirik ki, eyni zamanda Güney Azərbaycanın mədənlərinin talanını davam etdirmək üçün yeni məkrli plan hazırlanıb".
İran Azərbaycanında yaşayan digər fəal cənab Nəcəf Neməti İran Azərbaycanında müstəqil mis şirkətinin yaranmasını və mədənin gəlirlərinin yerli xalqın rifahı üçün xərclənməsini Azərbaycanda ümum xalqın istəyi olduğunu deyir, ancaq düşünür ki, xalq arasında bu fərmanın həqiqi mənada həyata keçiriləcəyinə inanmayanlar çoxdur.
"İranda prezidentlərin Azərbaycan xalqına illər boyudur verdiyi sözləri diqqətdən keçirdiyimizdə, bunu da sıradan bir söz kimi dəyərləndirmək olar, niyə ki, tarixi hafizəmiz daha öncə bunabənzər vədlərin verilib sonra həyata keçirilmədiyini bizə göstərir" -deyə, Neməti bildirib.
İctimai fəal Neməti sabiq prezidentlərin Azərbaycanda yerinə yetirilməyən vədləri xatırladıb. "Təxminən iyirmi il öncə Məhəmməd Xatəminin prezidentliyi dövründə hökumət kabinetində Azərbaycan mis şirkətinin yaradılması haqda layihə qəbul edilmişdi. Elə təxminən iyirmi il öncədən xoca şəhəri yaxınlığında sözügedən şirkət üçün ərazi nəzərdə tutulmuşdu".
İranda azərbaycanlı fəallar arasında bu şirkətin həqiqi mənada yaradılıb, gəlirləri Azərbaycana xərcləyəcəyinə inanmayanlarlarla yanaşı, İranın digər siyasi cərəyanlarına bağlı olan bəzi fəallar Rəisinin bu fərmanının ölkə üçün zərərverici olduğunu irəli sürürlər.