Accessibility links

Şərqi Azərbaycanda mədən işçilərinin etirazı davam edir


İranın Şərqi Azərbaycan vilayətində yerləşən Süngün mis mədəni kompleksinin işçiləri iyulun 5-də başlatdıqları etiraz aksiyasını davam etdirirlər.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, mədənin podratçı şirkətlərinə çalışan işçilər həmkarının həbs edilməsi, habelə iş və məişət şəraitinə etiraz bildirmək üçün aksiya təşkil ediblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, işçilər növbəti günlərdə polis zorakılığı ilə qarşılaşsalar da piket keçirməyə davam ediblər. Keçən günlərdə sosial mediada yayılan videogörüntülərdə polis özəl qüvvələrinin aksiyaya qatılan işçilərə hücum etdiyi görünür.

Agentliyin bildirdiyinə görə, iki işçinin nəzarət altına alınmasına reaksiya olaraq başladılan aksiya etirazlar davam etdikcə nəzarət altına alınan işçilərin sayı artıb. Hazırda neçə işçinin nəzarətdə saxlanıldığı barədə məlumat yoxdur.

Şərqi Azərbaycan vilayətinin Kooperasiya, Əmək və Sosial Rifah baş idarəsinin rəisi Həsən Fəthi işçilərin polis zorakılığına məruz qaldığına dair xəbərləri təkzib edib. O, polis qüvvələrinin etirazçıları müşayiət etmək məqsədilə mədən kompleksinə getdiyi irəli sürüb.

Ancaq İranın rəsmi IRIB News agentliyinin etirazların üçüncü günündə yaydığı xəbərdə polis özəl qüvvələri və təhlükəsizlik qüvvələrinin etirazçılara fiziki hücum etdiyi təsdiq edilib. "Təhlükəsizlik qüvvələri və polis özəl qüvvələri bəzi etirazçıların istehsal prosesini pozmaq cəhdlərinə qarşı bəzi etirazçılara fizim hücum etməyə məcbur olublar" , IRIB News bildirib.

Süngün mis mədəninin podratçı şirkətlərinə çalışan yüzlərlə işçi keçən ildən bəri dəfələrlə tətil və piket təşkil edərək aşağı əmək haqqı, habelə bərbad iş və məişət şəraitinə etiraz edir, əmək haqqı və ödənişlərinin artırılmasını tələb edirlər.

İran Azərbaycanında yerləşən qızıl, mis və digər qiymətli daş mədənlərinin gəliri uzun müddətdir ən çox müzakirə edilən mövzulardan biridir. Siyasi fəallar, habelə bəzi millət vəkilləri və yerli siyasətçilər bölgə əhalisinin bu mədənlərin gəlirindən yararlanmadığını önə çəkir.

XS
SM
MD
LG