Accessibility links

Məsud Pezeşkiyan Təbrizdə Urmiyə gölünü xilas edəcəyinə söz verib


İran İslam Respublikasında 14-cü prezident seçkilərinin namizədi Məsud Pezeşkiyan iyunun 26-da Təbrizdə seçkiqabağı təşviqat toplantısında vədlər verib.

Bu mitinqlə bağlı rəsmi İRNA xəbər agentliyi məlumat yayıb.

Təbrizin Şazda Bağı (Bağ Şimal) məhəlləsindəki bir stadionda keçirilən mitinqdə, Məsud Pezeşkiyan Azərbaycan türkcəsində çıxış edib və İran Azərbaycanı ilə bağlı iki mühüm vəd verib.

Bu təşviqat toplantısında Pezeşkiyan Urmiyə gölünü xilas edəcəyini və Şərqi Azərbaycan vilayətində mis şirkətinin yaradılmasına çalışacağını vəd edib.

İran Azərbaycanında Urmiyə gölünün quruması və yaratdığı ekoloji böhranın başlamasından təxminən iyirmi il keçməsinə və bu müddət ərzində İranda üç prezidentin vəzifəyə gəlməsinə baxmayaraq, göl hələ də çox kritik vəziyyətdədir və prezidentlərin verdiyi vədlər səmərəsiz qalıb

Həmçinin İran Azərbaycanında illərdir xalqın tələbi olan Süngün mis mədəni üçün vilayətdə müstəqil şirkətin yaradılması istiqamətində keçmiş prezident İbrahim Rəisinin verdiyi vədinə baxmayaraq, indiyədək heç bir ciddi addım atılmayıb.

Məsud Pezeşkiyanın Təbrizdəki təşviqat toplantısı
Məsud Pezeşkiyanın Təbrizdəki təşviqat toplantısı

Vilayətdə müstəqil mis şirkətinin yaradılması tələbindən məqsəd Şərqi Azərbaycan vilayətindən kapital axınının qarşısını almaq və bu mənbənin vilayət və bölgə əhalisi üçün məhsuldarlığını artırmaqdır.

Prezident seçkilərinə namizədlik üçün Nəzarət Şurasından səlahiyyət alan etnik azərbaycanlılar icmasından olan Pezeşkiyan, İranın türk bölgələrində milli mənsubiyyətindən istifadə edərək kütləni həyəcanlandırmağa cəhd edib. Lakin müşahidəçilər hesab edirlər ki, o, İran məktəblərində ana dilində təhsil və etnik qrupların ana dilindən istifadə ilə bağlı ciddi və spesifik vədlər verməyib.

Sosial media istifadəçilərinin daha çox diqqətini çəkən vədlərdən biri də, Məsud Pezeşkiyanın Təbriz xalqına qarşı dürüst olacağı vədi olub. "söz verirəm ki, həmişə dürüst olacağam və heç vaxt yalan danışmayacağam" deyə o, mitinqində bəyan edib.

Sosial mediada bu mitinqdən yayımlanan video-görüntülərə görə, stadionda azərbaycanlıların hüquqlarını tələb edən şüarlar, o cümlədən “Türk dilində mədrəsə olmalıdır hər kəsə” və “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları səsləndirilib.

Mitinqdə, milyonlarla insanın həyatına mənfi təsir göstərən Urmiyə gölünün quruması probleminin həllinin vacibliyinə işarə edərək, üzərində "Pezeşkiyandan ilk xahişimiz Urmiyə gölünün tam bərpa edilməsidir" yazılmış plakat qaldırılıb.

Cümə günü İranda 14-cü prezident seçkiləri keçirilir və indiyədək iki namizəd müsabiqədən imtina edib, rəqabət isə Səid Cəlili, Məhəmmədbağır Qalibaf, Mustafa Purməhəmmədi və Məsud Pezeşkiyan arasında gedir.

İranda etnik azərbaycanlıların milli hüquqları sahəsində fəallıq göstərən bəzi fəallar hesab edirlər ki, ölkədə prezidentlərin dəyişməsinə baxmayaraq, azərbaycanlı fəalların dinc fəaliyyəti həmişə təhlükəsizlik qüvvələrinin sərt repressiyaları ilə üzləşib. Onlar keçmişdəki təcrüblərə dayanaraq, seçki kampaniyaları zamanı namizədlər tərəfindən verilən vədlərin yerinə yetirilmədiyi və seçkilərdə siyasi fəallığın ayrıseçkiliyin aradan qaldırılması baxımından ölkədə ciddi dəyişikliyə heç bir təsiri olmadığını irəli sürürlər.

Digər tərəfdən azərbaycanlıların etnik hüquqları sahəsində çalışan bəzi fəallar isə Məsud Pezeşkiyanın ölkədə azərbaycanlılara və digər etnik azlıqlara qarşı ayrı-seçkiliyi cüzi də olsa azaltmaq imkanlarının olduğunu iddia edir və onu dəstəkləyirlər.

Forum

XS
SM
MD
LG