Accessibility links

Musa Aşüftə: Pezeşkianın səslərində başda türk kimliyini, sonra da İranda marginallaştırılmış digər kimlikləri görürük


Musa Aşüftə
Musa Aşüftə

İranın yeni prezidenti Məsud Pezeşkian ikinci turda İran Azərbaycanının üç sərhəd vilayəti olan Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbildə səslərin təqribən 85 faizini topladı.

Qərbi Azərbaycan vilayətində yaşayan türk fəal və araşdırmaçı Musa Aşüftə İran prezident seçkilərində ölkənin müxtəlif vilayətlərində, eləcə də etnik və dini icmalar və digər kəsimlərdə səsvermə davranışını dəyərləndirib.

Musa Aşüftə: Pezeşkianın səslərində başda türk kimliyini, sonra da İranda marginallaştırılmış digər kimlikləri görürük
please wait

No media source currently available

0:00 0:12:57 0:00

Musa Aşüftə deyib ki, “bu seçimlərdə Pezeşkian bir islahatçı namizəd kimi təqdim olundu. Amma biz səsləri incələdiyimizdə birinci olaraq türk faktoru, ikinci olaraq İranın kənarlaşdırılmış kəsimlər faktorunu görə bilərik. Biz islahat faktorunu bəlkə bu mərkəzi yerlər ki, əhalisi ümumən farsdır, görə bilərdik. Halbuki, o bölgələrdə, yəni, Kirman, Simnan, İsfahan, Yəzd və Xorasan-Məşhəd kimi yerlərdə Pezeşkianın Rəqibi Cəlili çox öndədir.”

Onun sözlərinə görə, İran prezident seçkilərinin hər iki turunda türk kimliyinin təsiri İran Azərbaycanının əsas dörd vilayətində gözəçarpan bir şəkildə, ölkənin digər bölgələrində isə fərqli şəkillərdə görünüb:

“Biz ümumən İrandakı türklərin seçim davranışını incələyib, analiz edəndə, əsasən daha rəsmi şəkildə Azərbaycan olaraq tanınan dörd vilayəti birlikdə incələrik. Bir də daha geniş bir miqyasda daha geniş bir coğrafi çərçivədə Tehrana qədər uzanan vilayətlər və bölgələri incələrik. Bir də mərkəzi İranda, Xorasanda və Türkmənlərə baxarıq. Burada həm birinci turun, həm də ikinci turun nəticələrində çox göz çarpan bir şəkildə türk kimliyinin təsirini, türk siyasi mühitinin və Azərbaycan Milli Hərəkatı dediyimiz siyasi hərəkatın təsirini fərqli formalarda görə bilirik. Bunu biz o dörd vilayətdə (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan) çox çarpıcı və gözə gələn bir şəkildə, digər bölgələrdə də biraz da aşağı səviyyələrdə müəyyənləşdirə bilirik.”

Türk fəal hesab edir ki, bu səsvermə davranışı İran Azərbaycanında ziddiyyətli müzakirələrin ardınca ortaya çıxıb.

“Çox təzadlardan və götür-qoy etdikdən sonra bu son tablo, yəni ikinci turun tablosu, yəni türk bölgələrindən Pezeşkiana önəmli ölçüdə dəstək və onun prezidentliyi nəticəsi ortaya çıxdı... Məsud Pezeşkian uzun müddətdən sonra Azərbaycanın özünə daha yaxın hiss etdiyi bir namizəd idi. Yəni, aidiyyəti Urmiyəyə və Təbrizə olan, ömrünün önəmli bölümünü oralarda keçirmiş olan biri. Türk məsələsinə mükəmməl də olmasa doğru və haqlı bir tanımlama ilə baxan bir siyasətçinin göstərilməsi, o bölgədə tarixdə heç kimsənin götürə bilmədiyi bir səsi götürməsinə səbəb oldu,” o, bildirib.

Musa Aşüftə Məsud Pezeşkianın İran Azərbaycanının üç sərhəd vilayətində səslərin təqribən 85 faizini topladığına diqqət çəkərək deyib ki, “bu dəfə biz Zəncan vilayətində də bir dönüm görməkdəyik. Zəncan da artıq o üç vilayətə yaxınlaşmış bir şəkildə davrandı və ikinci turda yüzdə 60 üzərində Pezeşkiyana səs verdi. Biz bu tablonu Həmədanda, Qəzvində hətta Savə və Mərkəzi vilayətdə bu şəkildə görə bilmirik. Bu bölgələrdə də türk kimliyindən yola çıxaraq səs vermənin izlərini aşkar görə bilirik amma o dörd vilayət qədər deyil.

Pezeşkiyan hər iki turda türk əhalisinin çox olduğu Tehran və Əlburz vilayətlərində birinci yeri tutub.

Musa Aşüftənin sözlərinə görə, “Azərbaycan vilayətlərindən daha çox köç və mühacirət olan Əlburz (Kərəc) və Tehran vilayətlərində türklərin təsirini Həmədan və Qəzvin kimi vilayətlərdən daha açıq şəkildə görə bilirik... Uzun illərdən bəri Azərbaycan Milli Hərəkatı və türk siyasi qüvvələri bir o dörd vilayətdə daha aktiv olublar, bir də Tehran və Kərəcdə. Eyni halda bu mühacirət təsiri ilə də bağlıdır. Biz bunun təsirini eynən görə bilirik. Məsələn Əlburz vilayətində türklərin çoxulqda olduğu bölgələrdə birinci turda belə Pezeşkian öndədir, amma Taliqan kimi türklərin nisbətən az olduğu yerdə onun rəqibi öndədir. Tehranda da eyni şəkildə türklərin faizi yüksək olan şəhərlərdə Pezeşkiyanın səsləri daha çoxdur. Pezeşkiyan sadəcə marginallaşdırılmış milli kimliklərin deyil, sınıf olaraq iqtisadi olaraq kənarlaşdırılmış və zəif durumda qalmış kəsimlərin də namizədi oldu və bunun təsirini Tehrandakı səslərdə həm türklük baxımından, həm də iqtisadi baxımdan görə bilirik.”

Araşdırmaçı İranın etnik və dini azlıq bölgələrində də səsvermə davranışını dəyərləndirib: “Biz əsasən türklərin səsini türklərin olduğu şəhərlərdə, mərkəzi vilayətlərdə Fars və Şiraz, Kirman, Xorasan və Çahar-Mahal kimi vilayətlərdə görə bilirik. Amma, bir önəmli faktor daha kənarda qalmış kimlikləri, yəni milli kimliklər və sünnilərin səsinin təsirini çox önəmli şəkildə görürük. Lurlar, kürdlər, bəluçlar və türkmənləri çox geniş mənada seçimin nəticələrinin tablosunda görmək olur.”

İranın şiə fars icmasının yaşadığı İsfahan, Simnan, Yəzd və Kirman kimi vilayətlərdə hər iki turda Pezeşkiyanın rəqibi sərtxətt tərəfdarı Səid Cəlili birinci yeri tutub.

Musa Aşüftənin dediklərinə görə, “o bölgələrdə Cəlilinin öndə olması bir analizə yol açır. Burada Pezeşkiyanın kimlik olaraq türk olması, eyni halda uzun illərlə əldə etdikləri ədalətsiz gəlir dağılımı və renta sistemini qorumaq cəhdi kimi səbəblər üzündən Cəliliyə səs verdiklərini görə bilərik. Yəni, bunun həm etnik səbəbləri ola bilər, həm iqtisadi səbəbləri.”

Forum

XS
SM
MD
LG