Accessibility links

Riçard Hoqland: Yekun qərarlar Bakıdan və Yerevandan gəlməlidir


Riçard Hoqland: Yekun qərarlar Bakıdan və Yerevandan gəlməlidir
please wait

No media source currently available

0:00 0:07:17 0:00

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında ədalətli və davamlı sülhün əldə olunmasına fəal şəkildə kömək etməyə davam etdiyini vurğulayıb. Ceyms O’Brayn bu həftə ABŞ Senatının Senatın Xarici Əlaqələr Komitəsində keçirilən “Avropanın gələcəyi” mövzusunda dinləmələrdə ABŞ-ın Rusiya və Çini ötərək Azərbaycan və Ermənistan üzərindən ticarət marşrutları imkanlarını nəzərdən keçirdiyini bildirib. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın sabiq diplomatı Riçard Hoqland Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Cənubi Qafqazda prioritetləri və regionun inkişafı ilə bağlı baxışı, Azərbaycan və Ermənistan arasında sülh perspektivləri və Vaşinqtonun bu prosesdə rolundan danışıb.

Amerikanın Səsi: ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Senatın Xarici Əlaqələr Komitəsində Avropanın gələcəyi ilə bağlı dinləmələrdə deyib ki, ABŞ Rusiya və Çindən yan keçərək, Ermənistan və Azərbaycan ərazisindən keçməklə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni marşrutun açılması imkanını nəzərdən keçirir. O’Brayn qeyd edib ki, belə bir marşrutun açılması Mərkəzi Asiya ölkələrinin Rusiya və Çindən asılılığını azalda bilər və onların dünya bazarlarına çıxışı təmin edə bilər. Bu bəyanatlarla bağlı nə deyə bilərsiniz? Olar ABŞ-ın regionun inkişafı ilə bağlı baxışının bir hissəsi olaraq Cənubi Qafqazda strateji təşəbbüslərə üstünlük verdiyini göstərirmi?

Riçard Hoqland: Bu suallara cavab vermək fürsətinə görə təşəkkür edirəm. Düşünürəm ki, dövlət katibinin köməkçisi O’Brayn əslində çox uzun müddətdir masada olan bir şey haqqında danışırdı. Birləşmiş Ştatlar pərdə arxasında, çox sakit şəkildə Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda bu ölkələrə imkan yaratmağa çalışmaq üçün işləyir. O, Çin və Rusiyanı ötərək bu yeni Şərq-Qərb marşrutunu qurmağın vaxtıdır söyləyəndə bu o demək deyil ki, Birləşmiş Ştatlar fiziki olaraq infrastrukturu quracaq. Əslində, xatırlayırsınızsa, Çin artıq 11 ildir ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bütün Mərkəzi Asiya boyu və bəzi hallarda Cənubi Qafqazda infrastruktur layihələri üzərində işləyir. Buna görə də mən hesab edirəm ki, O’Braynın nəzərdə tutduğu bizim artıq gördüyümüz işdir. Bu, Ermənistan və Azərbaycan ilə regionda ticarət, tranzit, nəqliyyat və digər sahələrdə geniş imkanlar açacaq və yeni rifah yaradacaq uzunmüddətli sülhə nail olmaq üçün pərdə arxasında çox sakit işləməkdir. Buraya Türkiyə də daxildir. Ona görə də düşünürəm ki, o, pərdə arxasında lazım olan siyasi və diplomatik işi nəzərdə tuturdu.

Amerikanın Səsi: Siz sülh prosesini qeyd etdiniz. İyul ayında diplomatik fəaliyyətlər göstərildi. Dövlət katibi Blinkenin keçən ay NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşü zamanı danışıqlarda əldə olunan irəliləyişlər və ABŞ-ın iki ölkəyə yekun razılaşmaya nail olmaq üçün daha çox necə kömək edə biləcəyi müzakirə edilib. Siz Ermənistanla Azərbaycan arasında davamlı sülhün perspektivləri barədə nə düşünürsünüz?

Riçard Hoqland: Düşünürəm ki, indi onlar son on illiklərdə olduğundan daha yaxşı vəziyyətdədirlər, bəlkə də ona görə ki, hər iki tərəf, həm Bakı, həm Yerevan regionda davamlı sülhə nail olmaq üçün çalışdıqlarını açıq şəkildə bəyan ediblər. Bu, çox, olduqca vacibdir. Bu o deməkdir ki, əgər onlar buna nail ola bilsələr, biz kömək etmək üçün pərdə arxasında əlimizdən gələni edəcəyik. Amma biz bunun baş verməsinə məcbur edə bilmərik. Bu, tərəflər əsas məsələlərin həll olunduğu və “indi yekun sülhə hazırıq” deyə bildiyi məqama gəldikdə Bakıda və Yerevanda verilən yekun qərar olmalıdır. Mən əlbəttə ki, bu məqamın illər deyil, həftələr və aylar ərzində yetişəcəyinə ümid edirəm.

Amerikanın Səsi: Sizin fikrinizcə, Birləşmiş Ştatlar bu mərhələdə sülh prosesinin irəlilədilməsi üçün nə edə bilər?

Riçard Hoqland: Mən artıq fəal diplomatik fəaliyyətlə məşğul olmadığım və təqaüdə çıxdığım üçün gündəlik konkret olaraq nə edilə biləcəyini deyə bilmərəm. Amma mən bilirəm ki, bizim başqa ölkələrin çıxışı olmadığı bəzi məlumatlara çıxış imkanımız var. Buna görə də bizim edə biləcəyimiz şey ondan ibarətdir ki, əsas tərəfdaşlarla sakitcə işləyib onlara “baxın, bu, əslində necə baş verəcək və siz bunu etməlisiniz. Bu addımları atmağa hazırsınızmı” deməkdir. Amma bir daha vurğulayıram ki, yekun qərarlar, son addımlar Bakıdan və Yerevandan gəlməlidir.

Amerikanın Səsi: Tərəflərin ilkin razılaşmanı noyabrda Bakıda keçirilməsi planlaşdırılan COP29 BMT iqlim sammitindən əvvəl imzalaya biləcəyi ilə bağlı gözləntilər var. Potensial razılaşmanın həqiqətən əldə olunacağına və imzalanacağına inanırsınızmı?

Riçard Hoqland: Sizə deyim ki, diplomatlar bilirlər ki, biz heç vaxt proqnozlar vermirik, çünki həmişə kənardan dediklərimizi dəyişdirə bləcək nəsə olur. Mən səmimi qəlbdən ümid edirəm, çox ümid edirəm ki, gözləntilər doğrudur və razılaşma Bakıda COP29-dan əvvəl, sammitə qədər imzalana bilər. Əgər bu belə olsa, bu o deməkdir ki, Xəzər regionunda tarixi inkişaf olacaq. Bu, həmin ölkələrin müstəqillik əldə etdiyi vaxtdan bəri görmədiyimiz bir şeydir.

Amerikanın Səsi: Bu həftə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan Margara sərhəd-keçid məntəqəsində beşinci görüş keçiriblər. Bu müzakirələr iki ölkə arasında davam edən diplomatik səyləri əks etdirməsi baxımından vacib hesab edilir. Bununla belə, Türkiyə və Ermənistan arasında münasibətlərdə irəliləyişlərin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində dinamik proseslərdən təsirlənəcəyi gözlənilir. Bu inkişaf edən diplomatik əlaqələrin potensial nəticələri barədə fikirləriniz nədir?

Riçard Hoqland: Türkiyə, Ermənistan, Azərbaycan kimi üç ölkə haqqında düşünəndə deyə bilərəm ki, bir sıra fərqli tarixi problemlər və həllini gözləyən məsələlər var. Lakin yaxşı və bu anda ümidverici xəbər odur ki, hazırda hər bir ölkə “irəli getmək vaxtıdır, yeni tarixin zamanıdır” deməyə hazır görünür. Ümid edək ki, ölkə rəhbərləri, ölkələrin əhalisi və hətta müxalifət partiyaları da “bu, məntiqlidir, gəlin tarixin yeni mərhələsinə keçək” deyirlər. Əgər belə olsa, o zaman yeni nəqliyyat vasitələri, yeni ticarət yolları və regionun sakinləri üçün daha çox rifah yaranacaq. Bu, bütün region üçün olduqca vacib olardı.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG