Accessibility links

Ceyms O’Brayn: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına fəal şəkildə kömək etməyə davam edirik


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn bildirib ki, Birləşmiş Ştatlar Mərkəzi Asiya ölkələrinin qlobal bazarlara çıxışına kömək etmək üçün Ermənistan və Azərbaycandan keçən yeni quru marşrutu yaratmağı nəzərdən keçirir. Bu marşrut Rusiya və Çindən yan keçərək, regional və qlobal ticarət dinamikasını potensial olaraq dəyişən alternativ ticarət yollarının təmin edilməsi məqsədi daşıyır.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən “Avropanın Gələcəyi” mövzusunda dinləmələrdə O’Brayn Mərkəzi Asiya ölkələrinin inanılmaz dərəcədə zəngin olduğunu və onların qlobal bazarlara çıxışı üçün yeganə seçiminin hazırda Rusiya və ya Çin olduğunu bildirib.

“Əgər Azərbaycan və Ermənistandan keçən marşrut açılsa, Mərkəzi Asiya ölkələri dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən asılılıq azalacaq”, ABŞ rəsmisi əlavə edib.

Ceyms O’Brayn dinləmələr zamanı Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında ədalətli və davamlı sülhün əldə olunmasına fəal şəkildə kömək etməyə davam etdiyini vurğulayıb. O, tərəflərin sərhədlərin demarkasiyası prosesində atdığı addımları qeyd edərək, iki ölkənin bu istiqamətdə işi davam etdirdiyini bildirib.

ABŞ -ın yüksək səviyyəli diplomatının Senatda dinləmələr zamanı açıqlamaları bu ayın əvvəli ABŞ dövlət katibi Antoni Blinkenin NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ilə görüşündən sonraya təsadüf edir. Üçtərəfli görüş zamanı iki ölkə arasında danışıqlarda əldə edilən irəliləyişlər və ABŞ-ın iki ölkəyə yekun razılaşmaya nail olmaq üçün daha çox kömək edə biləcəyi məsələsi müzakirə edilib.

Dövlət katibi Blinken bu yaxınlarda Brukinqs İnstitutunda Birləşmiş Ştatların xarici siyasəti ilə bağlı çıxışı zamanı ABŞ-ın Cənubi Qafqazda siyasi məqsədləri haqda sualı cavablandırarkən davamlı və ləyaqətli sülhün vacibliyini, bunun hər iki ölkə, region və onların Birləşmiş Ştatlarla münasibətləri üçün böyük potensial aça biləcəyini vurğulayıb. O bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışaraq, diplomatiya yolu ilə buna fəal şəkildə nail olub. Blinken sülh sazişinin əhəmiyyətli imkanlar və iqtisadi artım yaradacağını deyib.

Forum

XS
SM
MD
LG