Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan arasında mayın 16-da İsveçrənin Cenevrə şəhərində növbəti görüş keçirilib.
Parlamentlərarası İttifaqın (IPU) vasitəçiliyi ilə keçirilən görüş Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində baş tutub.
Azərbaycan Milli Məclisinin məlumatına görə, görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.
“Görüş konstruktiv atmosferdə keçib. Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”, Milli Məclisin mətbuat xidməti bildirib.
IPU görüşlə bağlı qeyd edir ki, qurumun baş katibi Martin Çunqonq Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son irəliləyişləri alqışlayıb və münasibətlərin tam normallaşmasına nail olmaq üçün hər iki tərəfi bütün qalan məsələlərin həlli üçün səyləri davam etdirməyə təşviq edib.
İki ölkənin parlament sədrləri ilk dəfə martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində görüşüblər.
Rəsmi məlumata görə, həmin görüşdə aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.
“Parlamentarilər xalqın nümayəndələri kimi gərginliyin azaldılması və etimadın yaradılmasında, eləcə də gələcək sülh sazişinin ratifikasiyası və həyata keçirilməsində əsas rol oynayırlar”, Parlamentlərarası İttifaq bildirib və əlavə edib ki, müzakirələr iki tərəf arasında hökumətlərarası sülh danışıqlarına parlament səviyyəsində əlavə töhfə kimi nəzərdə tutulub.
Forum