Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında aprelin 19-da elan edilmiş sərhədlərin delimitasiyasına dair razılaşmanı alqışlayıb.
“Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası ilə bağlı kimi razılaşmanı səmimiyyətlə alqışlayıram”, Mişel aprelin 20-də X səhifəsində yazıb.
Aİ Şurasının Prezidenti əlavə edib ki, hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldəki müzakirələrin də əsas elementi olub və normallaşmanın və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq.
Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının cümə günü baş tutan səkkizinci görüşündə tərəflər Azərbaycan Qazax rayonu və Ermənistanın Tavuş rayonundakı sərhəd seqmentinin delimitasiyası və demarkasiyası barədə razılığa gəliblər.
Razılaşmaya əsasən, 1990-cı illərdən Ermənistanın nəzarətində olan dörd kənd Bakının suverenliyinə qaytarılacaq və sərhədlərin delimitasiya prosesini 1991-ci il Almatı bəyannaməsi əsasında davam etdiriləcək.
Türkiyə və Almaniya da razılaşmanı alqışlayıb
“Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır”, Türkiyə Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda vurğulayıb və “30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi” ilə bağlı əldə edilən razılaşmanı alqışlayıb.
Bu ilin fevral ayında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edən Almaniya da tərəflər arasındakı yeni razılaşmanı müsbət qarşılayıb.
“Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası ilə bağlı razılaşma sülh sazişi yolunda mühüm maneəni aradan qaldırır. Almaniya davamlı sülhə gedən yolu dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”, Almaniyanın Xarici İşlər Nazirliyi X səhifəsində yazıb.
Bundan əvvəl isə ABŞ, BMT, həmçinin ATƏT Azərbaycanla Ermənistan arasındakı razılaşmanı dəstəkləyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə razılaşma və dörd kəndin qaytarılmasını “çoxdan gözlənilən tarixi hadisə” adlandırıb.
Armenpress xəbər agentliyinin sorğusuna cavabında Ermənistan baş nazirinin ofisi Azərbaycanla ilk dəfə sərhədlərin delimitasiya edilməsini əlamətdar hadisə kimi qiymətləndirib və razılşma ilə Ermənistanın təhlükəsizlik və sərhədlərin delimitasiyası ilə bağlı risklərin azalmasına nail olduğunu vurğulayıb.
Forum