Accessibility links

ABŞ Dövlət katibi Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayıb


Antoni blinken
Antoni blinken

“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata bəyannaməsini əsas tutaraq razılaşdıqlarını açıqladıqlarını alqışlayırıq”.

Bu barədə ABŞ-nin Dövlət katibi Antoni Blinken X platformasında bildirib.

“Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır", Dövlət katibi qeyd edib.

2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan sərhəd komissiyaları Azərbaycanın Qazax rayonunun dörd kəndinin qaytarılması barədə razılığa gəlib.

İki ölkənin sərhəd komissiyaları delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (Ermənistan) - Bağanis Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) – Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızılhacılı (Azərbaycan) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

Xatırladaq ki, rəsmi Bakı Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının martın 7-də baş tutan görüşündən sonra Ermənistanın Tavuş rayonu və Azərbaycanın Qazax rayonuna yaxın, Ermənistanın nəzarətində olan dörd kəndin ilkin olaraq azad olunmasını tələb edib.

“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir,” rəsmi Bakı martın 9-da bəyan edib.

Azərbaycan hesab edir ki, 4 kənd qaytarıldıqdan sonra digər anklav kəndlərlə və delimitasiya ilə bağlı danışıqları davam etdirmək olar.

Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən kəndlərin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının de yure Azərbaycan ərazisində yerləşdiyini bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 8-də keçirdiyi brifinqdə Turan Agentliyinin sualına cavabında deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnundur və buna davam edəcək.

Onun sözlərinə görə, ABŞ bu problemi həll etməyin yolunun danışıqlar masasında olduğunu açıq şəkildə bildirib.

“Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışanda açıq şəkildə bildirdi ki, onlar arasında dialoq olmalıdır. Bu dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnunuq və buna davam edəcəyik. Hər hansı konkret görüşlərdən əvvəlcədən danışmaq istəmirəm”, Dövlət Departamentinin sözçüsü əlavə edib.

Forum

XS
SM
MD
LG