Accessibility links

Azərbaycan-Ermənistan sərhədində gərginliyin davam etdiyi deyilir


Cəbhə xətti (Arxiv foto)
Cəbhə xətti (Arxiv foto)

Azərbaycan-Ermənistan sərhədində gərginliyin aprelin 13-də də davam etdiyi bildirilir.

Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündən sonra demək olar ki, hər gün iki ölkənin delimitasiya edilməmiş şərti sərhəd xəttinin müxtəlif istqamətləsində silahlı insidentlər barədə xəbərlər yayılmaqdadır.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 13-də Ermənistan Silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi (Bakıdan 425 kilometr qərb) istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin məlumatının reallığı əks etdirmədiyni bildirir.

“Azərbaycan Müdafiə Nazirliyinin aprelin 13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin sərhəd zonasının şimal-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə yaydığı məlumat reallığa uyğun gəlmir”, Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Rəsmi Bakı Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının martın 7-də baş tutan görüşündən sonra Ermənistanın Tavuş rayonu və Azərbaycanın Qazax rayonuna yaxın, Ermənistanın nəzarətində olan dörd kəndin ilkin olaraq azad olunmasını tələb edib.

“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir,” rəsmi Bakı martın 9-da bəyan edib.

Azərbaycan hesab edir ki, 4 kənd qaytarıldıqdan sonra digər anklav kəndlərlə və delimitasiya ilə bağlı danışıqları davam etdirmək olar.

Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən kəndlərin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının de yure Azərbaycan ərazisində yerləşdiyini bildirib. Həmin kəndlərin Azərbaycana qaytarılması hələ baş verməyib.

Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündən sonra Rusiya, İran, Azərbaycan və Türkiyə tənqidi bəyanatarla çıxış edib və Cənubi Qafqazda sülh prosesinə bölgədən kənar qüvvələrin qarışmasının əleyhinə olduqlarını bildiriblər.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 8-də keçirdiyi brifinqdə Turan Agentliyinin sualına cavabında deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnundur və buna davam edəcək.

Onun sözlərinə görə, ABŞ bu problemi həll etməyin yolunun danışıqlar masasında olduğunu açıq şəkildə bildirib.

“Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışanda açıq şəkildə bildirdi ki, onlar arasında dialoq olmalıdır. Bu dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnunuq və buna davam edəcəyik. Hər hansı konkret görüşlərdən əvvəlcədən danışmaq istəmirəm”, Dövlət Departamentinin sözçüsü əlavə edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə aprelin 12-də ABŞ-ın Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə mane olduğunu bildirib.

“Birləşmiş Ştatlar və onun peykləri ümumi məkanımızın bütün regionlarını işğal etməyə çalışır və Qafqazda, xüsusən də Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair razılaşmaları pozmağa çalışır. Onlar Ermənistanla Azərbaycan arasında Rusiyanın yardımı ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmirlər. Onlar fəal şəkildə Orta Asiyaya nüfuz etməyə çalışırlar. Rusiyaya qarşı yönəlmiş müxtəlif formatlar yaradırlar. Onlar açıq şəkildə postsovet məkanında ölkələrin real suverenliyinin təmin edilməsi və onların “Rusiya Federasiyasının kölgəsindən çıxması”nın zəruriliyini bəyan edirlər”, nazir deyib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG