Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan mediasında Ermənistana qarşı təhdidlərin qəbuledilməz olduğunu deyib, rəsmi Bakı Aİ nümayəndəsini qərəzli olmaqda günahlandırıb.
“Azərbaycanın media kanallarında Ermənistana təhdidlər qəbuledilməzdir. Sərhədin delimitasiyası üzrə həqiqi danışıqlara ehtiyac var, bütün ərazi mübahisələri sülh yolu və razılaşdırılmış prosesin bir hissəsi kimi həll edilməlidir”, Toivo Klaar martın 25-də X səhifəsində yazıb.
Klaar hansı təhdidlərdən bəhs etdiyinə dair əlavə məlumat verməsə də, son həftələrdə Azərbaycan mediasında Ermənistanın nəzarətində olan Azərbaycan kəndlərinin qaytarılması məsələsinə tez-tez toxunulur.
Martın 25-də Azərbaycanda hökumətə yaxın medialardan birində dərc edilən “Səkkiz kəndin azadlığı - İrəvan prosesi uzatsa, Bakının cavabı sərt olacaq” başlıqlı yazıda Ermənistanın 8 kəndi qeyd-şərtsiz qaytarmalı olduğu vurğulanır.
“Əks halda nələrin baş verəcəyini Ermənistan da, beynəlxalq ictimaiyyət də yaxşı bilir və buna görə məsuliyyət onların üzərinə düşür. Başqa sözlə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını hərbi yolla işğaldan azad edəcək. Bunun üçün cəmi bir sutka bəsdir. Azərbaycan oxşar təcrübəni əvvəl də ortaya qoyub”, yazıda qeyd edilir.
Toivo Klaarın Azərbaycan mediasında gedən yazılarla bağlı tənqidinə rəsmi Bakının cavabı gecikməyib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Aİ Nümayəndəsini qərəzli olmaqda ittiham edib.
“Cənab Toivo Klaar qərəzlərdən qurtula bilmir və Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı legitim diskursda yalnız pislikləri görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur”, Hacızadə X səhifəsində qeyd edib və əlavə edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.
Rəsmi Bakı Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının martın 7-də baş tutan görüşündən sonra Ermənistanın Tavuş rayonu və Azərbaycanın Qazax rayonuna yaxın, Ermənistanın nəzarətində olan dörd kəndin azad olunmasını tələb edib.
“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir”, Bakı martın 9-da bəyan edib.
Ermənistan baş naziri Nikol Paşinyan sözügedən kəndlərin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının de yure Azərbaycan ərazisində yerləşdiyini bildirib.
Martın 18-də Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin sakinləri ilə görüşən Paşinyan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasına başlanıldığını bildirib və əsas məqsədin “müharibəyə yol verilməməsi” olduğunu əlavə edib.
Azərbaycan prezidenti İlham Əliyev bu il yanvarın 10-da yerli telekanallara müsahibəsində Azərbaycanın Ermənistan tərəfindən “işğal altında qalan səkkiz kəndinin məsələsi”nin daim gündəlikdə olduğunu deyib.
Rəsmi Yerevan da öz növbəsində Azərbaycanın nəzarətində olan Ermənistan kəndlərinin məsələsini qaldırır ki, baş nazir Nikol Paşinyan əvvəlki çıxışlarında 31 belə kənd və yaşayış mənqətəsinin olduğunu qeyd edib.
Forum