Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyasına ciddi diqqət yetirdiyini bildirib


Vedant Patel
Vedant Patel

ABŞ Dövlət Departamenti Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədin tez bir zamanda demarkasiyasının zəruriliyi ilə bağlı bəyanatına münasibət bildirib.

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan İnformasiya Agentliyinin sualının cavabında deyib ki, ABŞ bu məsələyə ciddi diqqət yetirir.

"Bu, diqqətimizi yetirməyə davam etdirdiyimiz bir məsələdir. Bu, təkcə Dövlət katibinin deyil, həm də katibin köməkçisi O'Brayen və baş koordinator Bononun müvafiq tərəflərlə əlaqəli şəkildə diqqətdə saxladığı bir məsələdir", o qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına əsas maneə olan məsələlərdən biri kimi Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasına başlanıldığını bildirib.

Martın 18-də Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin sakinləri ilə görüşən Paşinyan sərhədin delimitasiyası və demarkasiyasında əsas məqsəd "müharibəyə yol verilməmək" olduğunu deyib və əlavə edib ki, "Ermənistan Respublikasının dövlət sərhədinin haradan başladığı və ölkənin dövlət sərhədinin harada olacağına qərar vermək" məsələsi üzərində xüsusi komissiyalar işləyəcək.

Paşinyanla görüşdə iştirak edənlərin AzadlıqRadiosuna bildirdiklərinə görə, Ermənistan lideri yerli sakinlərin suallarına dəqiq cavab verməyib, yalnız onların bütün narahatlıqlarının nəzərə alınacağını bildirib.

Bu arada Azərbaycan Ermənistanın Tavuş bölgəsi və Azərbaycanın Qazax rayonuna yaxın olan 4 kəndin Azərbaycana verilməsində təkid edir.

Paşinyan sözügedən kəndlərin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılxacılının de yure Azərbaycan ərazisində yerləşdiyini bildirib.

Yerli sakinlər deyirlər ki, dörd kənd Bakının tabeliyinə verilsə, onların kəndləri Azərbaycan əraziləri və sərhədçilər tərəfindən əhatə olunaraq, onların həyatını çətinləşdirəcək.

Yerli administrasiyanın rəhbəri Nver Beqlaryan deyib ki, ərazidəki bir neçə kəndin sakinləri bəzi yerli kəndlərin Azərbaycanın nəzarətinə keçəcəyi təqdirdə yolları bağlamağa və özünümüdafiə təşkil etməyə hazır olduqlarını bildiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 10-da yerli telekanallara müsahibəsində bildirib ki, Azərbaycanın "işğal altında qalan səkkiz kəndinin məsələsi" (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki-red) daim gündəlikdədir.

"Orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi (Başkənd-red) Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir", Əliyev bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycan 4 kəndin, Ermənistan isə Azərbaycanın nəzarətində olan 31 kəndin məsələsini qaldırır.

“Başkənd 30 ildir ki, Azərbaycanın işğalı altındadır. Biz deyirik ki, kənd öz doğma limanına qayıtsın? Bəli, deyirik. İki variant var. Bizim sərhəd xəttimiz var və bu sərhəd xəttindən kənarda yerləşən eksklav Ermənistan Respublikasının yurisdiksiyasına qayıtmalıdır. Lakin bunun üçün praktiki olaraq biz anlamalıyıq ki, bu eksklavın sərhədi harada məhdudlaşır, onun sərhədini dəqiqləşdirməliyik ki, prosesi təşkil edə bilək. Başkəndin sahəsi nə qədərdir? Yerdə heç bir xətt yoxdur – bu xətti çəkmək lazımdır. Biz xəritəni canlandırmalıyıq və yeni razılaşmalar əldə etməliyik”, Paşinyan bildirib.

Bundan sonra, martın 7-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Ermənistan və Azərbaycan arasında Sovet İttifaqı dağılandan bəri beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan və əhalisinin əksəriyyəti etnik ermənilərdən ibarət Dağlıq Qarabağ bölgəsində, o cümlədən ətraf rayonlarda son otuz ildə iki müharibə baş verib.

1994-cü ildə başa çatan separatçıların hərbi əməliyyatları zamanı Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon əvvəlcə Ermənistan hərbi qüvvələrinin dəstəyi ilə etnik erməni qüvvələrinin nəzarətinə keçib.

2020-ci ildə isə Azərbaycan Ermənistan qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətrafındakı yeddi rayonu geri alıb.

2023-cü ilin sentyabrında birgünlük hərbi əməliyyat nəticəsində Bakı regiona tam nəzarəti ələ keçirdikdən sonra 100 minə yaxın etnik erməni Qarabağı tərk edərək Ermənistana qaçıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG