Fevralın 28-də Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Berlin görüşü Almaniya xarici işlər naziri Annalena Berbokun da iştirakı ilə üçtərəfli formatda davam etdirilib.
Görüşdən əvvəl mətbuata açıqlama verən Annalena Berbok Ermənistan və Azərbaycanın uzun illər davam edən ağrılı münaqişədən sonra davamlı sülhə nail olmaq imkanı olduğunu bildirib.
“Həm Baş nazir Paşinyan, həm də Prezident Əliyev həll edilməmiş məsələlərin yalnız sülh yolu ilə güc tətbiq etmədən həlli üçün hazır olduqlarını bəyan ediblər ki, bu da mütləq vacibdir. Bu gün və sabah keçiriləcək dialoq irəliləyişə nail olmaq üçün ən yaxşı yoldur. Bu, asan deyil, biz Almaniyada və Avropada öz tariximizdən çox yaxşı bilirik. İrəli getmək üçün həqiqi öhdəlik və qətiyyət lazımdır”, Berbok vurğulayıb.
Almaniyanın görüşlərə vasitəçilik və etimad quruculuğu tədbirləri ilə sülh səylərini dəstəkləməyə sadiq olduğunu qeyd edən Annelena Berbok, sülh razılaşmasının əldə edilməsinin hər iki ölkəyə və ümumilikdə regiona müsbət təsirlərinin olacağını deyib, ABŞ, Aİ və digər tərəfdaşların da bu istiqamətdə çalışdıqlarını əlavə edib.
“İstəyirik ki, siz davamlı sülhə gedən yolda irəliləyəsiniz. Mən sizi və hökumətlərinizi dünya miqyasında çətin dövrlərdə bu hədəfə çatmaq üçün göstərdiyiniz cəsarətə görə alqışlayıram”, Annelena Berbok azərbaycanlı və ermənistanlı həmkarlarına təşəkkür edib.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri danışıqlara ev sahibliyi etdiyi üçün Annalena Berboka təşəkkürlərini ifadə ediblər.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raunduna ev sahibliyi etdiyi üçün Almaniya tərəfinə və nazir Berboka təşəkkür edirik. Bu, Azərbaycanın sülhə sadiqliyini bir daha bəyan etmək üçün yaxşı fürsət idi”, Nazir Ceyhun Bayramov X səhifəsində yazıb.
Annalena Berbok Bayramov və Mirzoyanla təkbətək görüşlər keçirib
Fevralın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla təkbətək görüş keçirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub, Ceyhun Bayramov Azərbaycanın normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğunu vurğulayıb.
“Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb”, Azərbaycan XİN-in məlumatında qeyd edilir.
Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Annalena Berbokla təkbətək görüşüb. Ermənistan Xarici İşlər Nazirliyi məlumat verir ki, görüş zamanı regional təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi müzakirə edilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan iki ölkə arasında sülh danışıqlarının davam etdirilməsi üçün fevralın 28-də Berlin şəhərində ikitərəfli görüşə başlayıblar.
İki gün davam etməsi gözlənilən müzakirələrin keçirilməsi fevralın 17-də Azərbaycan və Ermənistan liderlərinin Münhen şəhərində Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə baş tutan görüşdə razılaşdırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Berlin formatında ilk dəfə keçirilən görüşü “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu kimi qiymətləndirib. Rəsmi Bakı görüşün detalları barədə əlavə məlumat verməyib.
Ermənistan Xarici İşlər Nazirliyi də fevralın 28-də müzakirələrə start verildiyini bildirsə də, əlavə məlumat bölüşməyib.
Nazir Ceyhun Bayramov fevralın 26-da yerli mediaya açıqlamasında Ermənistanla sülh müqaviləsi üzrə danışıqlarda “bəlli fasilə” yaransa da, mətn üzrə işin davam etdirildiyini vurğulayıb.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində tərəflər arasında bugünədək Vaşinqton, Brüssel və Moskvada görüşlər keçirilib.
Forum