Accessibility links

ABŞ Azərbaycan və Ermənistanla regiondakı son durumu müzakirə edib


İlham Əliyev və Antoni Blinken (Mənbə Azərbayvcan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Antoni Blinken (Mənbə Azərbayvcan Prezidentinin Administrasiyası)

Fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən İlham Əliyev öz növbəsində vurğulayıb ki, iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.

İlham Əliyev ölkəsinin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd edib və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib.

"Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir", məlumatda qeyd edilir.

Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

ABŞ Dövlət Departamentinin məlumatında isə deyilir ki, görüşdən öncə Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev aşağıdakıları bildirib.

Dövlət katibi Blinken bildirib ki, Azərbaycanın COP-un rəhbərliyini üzərinə götürməsi vacibdir.

“Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var”, o qeyd edib.

Prezident Əliyev deyib ki, COP29 Azərbaycan-ABŞ ikitərəfli gündəliyinin mühüm hissəsidir.

“COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəliyimizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm”, o qeyd edib.

Dövlət katibi Azərbaycan Prezidenti ilə görüşündən öncə Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşüb.

Antoni Blinken X Platformasında yazıb ki, Ermənistanın baş naziri Paşinyanla Ermənistan və Azərbaycan arasında sülh prosesini necə dəstəkləyə biləcəkləri və ikitərəfli əlaqələri möhkəmləndirmək üçün davam etdirə biləcəkləri yollar barədə məhsuldar söhbəti olub.

Həmçinin Nikol Paşinyan X Platformasında yazıb ki, ABŞ Dövlət katibi ilə görüşü olub.

“Təhlükəszilik vəziyyəti və regionda baş verən son hadisələri müzakirə etdik. Sülh və sabittliyə sadiqliyimizi vurğuladıq. İkitərəfli gündəliyi müzakirə etdik”, o qeyd edib.

Ermənistan hökumətinin məlumatında bildirilir ki, Baş nazir Nikol Paşinyan Ermənistanın beynəlxalq platformalarda artıq yazılı şəkildə açıqlanmış prinsiplər əsasında konkret qərarlar qəbul etməyə hazır olduğunu təsdiqləyib.

Bundan əlavə fevralın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüş zamanı Azərbaycanla ABŞ arasında "ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin perspektivləri müzakirə olunub."

Forum

XS
SM
MD
LG